55 yaşın mübarək, Bahəddin Həzi! Hadisə

55 yaşın mübarək, Bahəddin Həzi!

İçində qəribə bir nisgil yaşayır. Bu nisgil o qədər boy atıb ki, gözlərindən boylanır. Hansı şəkilinə baxırsan bax, bu nisgili görəcəksən. Qəribə taleyi var, uzun illərdir ki, vəfat edən atasının, doğmalarının məzarlarını ziyarət edə bilmir. Bəlkə də ən böyük dərdi də budur...
İnsan dərdsiz olanda dünyanın iç üzünü yaxşı tanımır, onu tanıtdıran dərddir. Dərd isə o qədər güclüdür ki, istedadı cilalayıb dəyərinə çatdırır, sahibini ovundurur...
Bahəddin Həzini şəkillərdən tanıyıram, amma elə bil, bir ömür bir yerdə yaşamışıq. Doğma bir adam kimi donmuş baxışları ilə nəvaziş göstərir mənə. Ruhunu özündə daşıyan bu şəkillər illər ötsə belə, hələ də canlıdır...
Qarabağlıyam, söyləyir. Füzulinin Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə böyüyüb ərsəyə çatıb. Və bir gün doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub. Bizimyol.info xəbər portalına və “Bizim yol” qəzetinə rəhbərlik edir...
Gözəl qələmi var. Dərd Onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir...
Necə deyərlər, yerişini, duruşunu, davranışını görməmişəm, amma bilirəm ki, dərdli adamlar dağ çayları kimi dənizə bənzəyən vüsala can atırlar. Dənizə qovuşmaq çayların ən böyük səadətidir...
Bir igidin ömrüdü
Sənsiz yaşanan illər.
Sənsiz yaşlanan illər.
Hələ də qabarlıdır,
o qara torpağını
əkib-becərmiş əllər.
Həsrətindən qovrulur
böyütdüyün nəsillər.
Əlimizdə qabarın,
Qəlbimizdə qübarın…
Beləcə yaşayırıq.
Beləcə yaşlanırıq…
Bir gün görüşsək yenə
Bükəcəm dizlərimi.
Torpağına üz qoyub
Öpəcəm gözlərini.
Mən səni tanıyacam
Sarıqaya qaşından
üstünə əcəl kimi
qəfil çökən çənindən.
Qoca xan çinarının
kölgəsinin nəmindən.
Yollara baxıb dolan
gözlərinin qəmindən.
Mən səni tanıyacam
Suzuz qalan bağların
dodağındakı çatdan.
Küskün məzarlıqların
yolunda bitən otdan.
Mən səni tanıyacam
İlan qabığı kimi
gün altda ağarışan
Quru çay dərəsindən.
Yaz vaxtı aşıb-daşan
Suların nərəsindən –
Selin vahiməsindən.
Səni nişan verəcək
Ağaclarda qıvrılıb,
budaqlara sarılıb
Gizli-gizli bar verən
Ürkək üzüm meynəsi.
Şanapipik quşunun
Ruh ovlayan bəstəsi.
Uzaq yolda yorulub
Qarasuya baş vuran
Hacıleylək dəstəsi.
Sən mənə çox əzizsən,
Üst-başıma bulaşan
Tozunla, torpağınla.
Ağlamaqdan gözləri
Tutulmuş bulağınla.
Qurumuş budağında
Çürümüş yarpağınla.
Bir gün əlbət gələrəm -
Kolların, tikanların
Əllərimi dalasın.
Otlarına düşən şeh
Topuğumu yalasın.
Dərələrdən əsən meh,
Ruhumu sığallasın.
Dünya ölüm-itimdi...
Səni görmədən ölsəm,
Kəfən içində gəlsəm,
Sinənə sıx, qucaqla.
Torpağında yer ayır,
bir parça mənə saxla.
Hər qarış torpağına,
hər daşına xəbər ver
bura nədən gəlmişəm.
Çöllərdə yem axtaran
Ac quşuna xəbər ver
Saçımda dən gəlmişəm.
Gözü yolda qəbrimin
Başdaşına xəbər ver
Sevinsin - mən gəlmişəm.
Son dəfə səninlə də
halallaşım, görüşüm.
Sonra məni Tanrımla
Aranızda bölüşün.
Yaşanmamış hər ilim,
Hər günüm sənə qalsın.
Ruhumu Tanrıma ver,
Bədənim sənə qalsın.
Bu misralar Ona məxsusdur, dərddən göyərib, dərdə bələnib...
Aprelin 28-i Bahəddin Həzinin ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları, yurd vüsalı arzulayıram!
55 yaşın mübarək, Bahəddin Həzi!

Elman Eldaroğlu