Beynəlxalq jurnalda Leylatəpə arxeoloji mədəniyyətinə dair məqalə dərc olunub Hadisə

Beynəlxalq jurnalda Leylatəpə arxeoloji mədəniyyətinə dair məqalə dərc olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin məqaləsi beynəlxalq impakt faktorlu “Stratum plus. Arxeoloqiya i kulturnaya antropoloqiya” jurnalında işıq üzü görüb. İnstitutdan bildirilib ki, “Son xalkolitdə Ön Asiyadan Qafqaza miqrasiyalar (e.ə. IV minilliyin birinci yarısı)” adlı məqalədə Şərqi Anadolu - Şimali Mesopotamiyadan Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə insan axınlarından və bu proseslərin səbəblərindən bəhs edilir. Diqqətə çatdırılır ki, həmin miqrasiyalar nəticəsində Cənubi Qafqazda Leylatəpə arxeoloji mədəniyyəti yaranıb.
Məqalədə təkzibolunmaz arxeoloji faktlar əsasında sözügedən mədəniyyətin əhalisinin bir qisminin Şimali Qafqaza köçü nəticəsində hazırda elmdə “Maykop arxeoloji mədəniyyəti” adlandırılan mədəniyyətin təşəkkül tapması xüsusilə vurğulanır. Leylatəpə mədəniyyəti abidələrinin tədqiqatları göstərir ki, bəhs olunan dövrdə Azərbaycan ərazisi Ön Asiyanın ən inkişaf etmiş sivilizasiyalarının yayıldığı areala daxil olub.
Qeyd edək ki, “Stratum plus. Arxeoloqiya i kulturnaya antropoloqiya” jurnalı “Clarivate Analytics”, “Scopus” və digər elmi bazalarda indeksləşir.