“Özünüzə qıymayın!” Hadisə

“Özünüzə qıymayın!”

Qarabağ qaziləri cəbhə yoldaşlarına müraciət etdilər

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin təşkilatçılığı ilə fəal Qazilərin iştirakı ilə "Özünüzə qıymayın" adlı dəyirmi masa keçiriblər. Əsasən Bakı və Sumqayıtdan olan 250 nəfərə yaxın Qarabağ qazisi dəyirmi masaya qoşulublar. Azərbaycanın dövlət himnini canlı şəkildə oxumaqla başlayıb və başa çatan tədbiri giriş sözü ilə "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədov açıb. O, son zamanlar baş verənlərdən, Qarabağ əlillərinin problemlərindən danışaraq dövlət rəsmiləri ilə görüşlərinin nəticələri haqda dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. Qarabağ uğrunda İslami Hərəkatın rəhbəri Hacı Rövşən Əhmədli, "Vətən Müharibəsi Əlilləri" birliyinin sədri Firudin Məmmədov, "Qarabağ Qaziləri" birliyinin idarə heyətinin üzvü Rizvan Vəliyev və "Məşəl" əlil və şəhid ailələrinə dəstək birliyinin sədri Alman Abbasov çıxış edərək Qarabağ qazilərinin, şəhid ailələrinin və veteranlarının vəziyyətindən danışıblar. Bütün çıxışçılar Qaziləri səbrli olmağa, özlərinə qıymamağa çağırıblar. Sonda "Qarabağ qaziləri" birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu dəyirmi masa iştirakçıları adından Azərbaycan qazilərinə müraciəti oxuyub.
Müraciətdə deyilir:
"Əziz qazi qardaşlarımız, döyüşçü dostlarımız!
Vətənimiz Azərbaycan erməni təcavüzünə məruz qalanda sizlərlə birgə düşmənə qarşı silaha sarıldıq. Müstəqillik dövrümüzün ağır, çətin günlərində, döyüşə-döyüşə ordu qurduq, anamız Azərbaycanı, ana-bacılarımızın namusunu qorumaq naminə sinəmizi gülləyə sipər elədik. Bir qarnı ac, bir qarnı tox, silah-sursatımızın biri çatıb, beşi çatmayan bir zamanda minlərlə silahdaşımızı, ən əziz dostlarımızı rus-erməni silahlı birləşmələri ilə qeyri-bərabər bu müharibədə itirdik. Amma bir dəfə də uf demədik! Çünki yaxşı bilirdik ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, ana-bacılarımızın namusu təhlükədədir. Bu müharibədən çox böyük itkilərlə çıxdıq. Lakin yenidən savaşın başlayacağına, torpaqlarımızın düşməndən azad edəcəyimizə bir an da ümidimizi itirmədik.
Müharibədən sonra da ağır günlər yaşadıq. Yarımcan halda xəstəxana divarları arasında ölüm-dirim savaşından qalib çıxdıq. Sonra yaşamamız, kimsəyə möhtac olmadan halal çörəyimizi qazanmaq, xanımlarımızın, övladlarımızın qarşısında ərlik, atalıq qürurunu itirməmək üçün savaşımız başladı. Təəssüflər olsun ki, hər savaşda itkilərimiz, acılarımız oldu. 1994-cü ildən üzü bəri onlarla Qazimiz canına qıyaraq intihar etdi.
Bütün bu illər ərzində dövlətimiz bizim problemlərimizin həlli üçün çalışıb, xeyli işlər görülüb. Qarabağ qazilərinə pulsuz mənzillər, avtomobillər verilir, bu insanlar təmənnasız olaraq protez ortopedik vasitələrlə təmin olunurlar. Bu işlər 2003-cü ildən bəri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün də davam edir.
Əziz səngər qardaşlarımız!
Son zamanlar yaşamaq uğrunda mübarizəmizdə bəzi qardaşlarımız özlərini yandıraraq intihar etdilər. Bu proses bu gün də davam edir. Yanvar ayından başlayaraq dövlət rəsmləri, o cümlədən bizim problemlərimizlə bilavasitə məşğul olan nazirlik rəhbərləri ilə görüşlər keçirir, sizləri narahat edən problemlərin həlli yollarını müzakirə edirik. Sizləri narahat edən bütün problemləri müəyyənləşdirib Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarına göndərmişik. Verilən məlumata görə, bu ilin may ayında Qarabağ qazilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunacaq. Bizlər ümid edirik ki, sizləri narahat edən bütün problemlər dövlətimiz tərəfindən həll olunacaq. Bizdə olan məlumata görə, bütün bu proses Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin nəzarətindədir. Biz ona çox güvənirik. Ümid edirik ki, yaxın günlərdə problemlərinizin həlli üçün praktik addımların atıldığının şahidi olacaqsınız!
Amma çox təəssüflər olsun ki, bəzi Qazilərimiz dözməyərək intiharlara əl atırlar. Bu da haqlı olaraq həm bizi, həm də xalqımızı ciddi narahat edir. Biz istəmirik ki, odun-alovun içindən yarımcan çıxan döyüşçülərimiz canlarına qıysınlar, özlərinə qəsd etsinlər. Bu yolverilməzdir! Bizlər dəfələrlə mətbuat və təşkilatlarımız vasitəsi ilə sizlərə müraciət etdik ki, özünüzə qıymayın! Müqəddəs İslam dinimizdə də özünə qəsd etmək qəbuledilməzdir. Günü gündən inkişaf edən sevgili Azərbaycanımızda rahat, qayğısız yaşamaq sizlərin halal haqqıdır. Belə olan təqdirdə, sizlərin özünüzə qəsd etmənizə üzülürük, acıyırıq! Müharibənin çətinliyini görmüş qazilərimizə qıymırıq! Siz də özünüzə qıymayın!
Hamınızı bir daha bir qədər səbirli və dözümlü olmağa çağırırıq!
Allah hamımıza kömək olsun!"