Onlayn təhsilin əsas “düşmənləri” Hadisə

Onlayn təhsilin əsas “düşmənləri”

İyunun 2-də Baş Nazir Əli Əsədov 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması ilə bağlı sərəncam verib.
Bu, Azərbaycan hökumətinin koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin tərkib hissəsidir. Nazirlər Kabinetinin yanında operativ qərargah yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Bəs görəsən, bu müddət ərzində rayonlarda və ucqar kəndlərdə yaşayan müəllimlər şagirdlərinin təhsildən geri qalmaması üçün hansı addımları atıblar? Bu suala cavab tapmaq üçün Sputnik-Azərbaycan Qax rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova bildirdi ki, ucqar kəndlərdə yaşayan gənc müəllimlərlə yanaşı, yaşlı müəllimlər də karantin dövrünü səmərəli keçiriblər:
“Bizim rayonda 53 ümumtəhsil, 2 məktəbdənkənar və 36 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin rayon mərkəzindən ən uzaq məsafədə və ucqarda yerləşəni Ağyazı kəndindədir. Bu kənd də rayon mərkəzindən 35 km uzaqlıqdadır. Burada məktəbin rəhbəri özü VI sinfə fizika dərsi keçir. Bu, məktəb rəhbərindən müəllimlərə örnək olacaq bir addımdır. Həmçinin, Güllük kənd ümumi orta məktəbinin direktoru Gülər İsmayılova Riyaziyyat müəllimidir, könüllü şəkildə şagirdlərlə onlayn dərs keçir. Qaşqaçay kəndində 50-dən yuxarı yaşı olan müəllimlər onlayn dərs keçirlər. Belə nümunələr çoxdur. Ucqar kənd məktəblərimizdə belə dərslərin dayanmaması, gənc müəllimlərlə yanaşı yaşlı nəsildən olan həmkarlarımızın da şagirdlərə onlayn dərs keçməsi, sevindirici haldır”.
Günay Mahmudova bildirib ki, ucqar kəndlərdə internetin olmaması bir sıra problemlər yaradır: “Bəziləri TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi)
proqramı vasitəsilə, bəziləri də videoları çəkib valideynlərin vatsapına göndərməklə uşaqlara dərsi izah edirlər. Biz əlimizdən gəldiyi qədər çalışırıq ki, onlayn dərslər daha çox şagirdi əhatə etsin və hələlik 60 faizindən çoxunu əhatə etməyi bacarırıq. Əlbəttə, burada şərait problemi var. Ucqar kəndlərdə internetin yoxluğu, bəzi valideynlərin meqabaytla belə internetə çıxışının olmaması bəzi problemlərə yol açır. Bütün bunlara rəğmən, biz əlimizdən gələni etməyi çalışırıq”.
Mahmudovanın sözlərinə görə, Təhsil Nazirliyinin çox gözəl layihəsi var və buna bütün məktəblər qoşulur. Onlar gündəlik dərs cədvəlini paylaşırlar. Dərs vaxtı “Mədəniyyət” və “ARB” kanalında yayımlanır. Bu, uşaqlar üçün daha çox əlçatandır. Üstəlik, tv dərslər şagirdlərin də, valideynlərin də marağına səbəb olur. Təhsil Nazirliyinin virtual məktəb layihəsində isə 50 mindən artıq şagird qeydiyyatdan keçib.
“Onların arasında bizim rayonun şagirdləri də var. Bu layihədə uşaqlar çalışmalar işləyirlər, virtual siniflər fəaliyyət göstərir, burada bizim də 10-dan çox müəllimimiz dərs deyir. Həmin layihədə könüllü olaraq dərs demək üçün bizə müraciət edən müəllimlərin sayı çoxdur. Onlar respublikanın müxtəlif rayonlarından olan şagirdlərə dərs deyəcəklər”, - deyə təhsil şöbəsinin əməkdaşı bildirib.
Mahmudova qeyd edib ki, rayonda fəaliyyət göstərən məktəbdənkənar müəssisələr də fəaliyyətini virtual olaraq davam etdirir: “Uşaq-Gənclər İnkişaf Mərkəzində teatr, səhnə, musiqi, rəqs, tikiş və s. dərnəklər var. Dərnək rəhbərləri hətta virtual olaraq rəqsin elementlərini öyrədirlər. Toxuculuq, əl işlərinin hazırlanması ilə bağlı videolarımız var ki, hətta dərnək üzvü olmayanlar belə o videolara baxıb öyrənə bilərlər”.
Təhsil şöbəsinin əməkdaşı virtual təhsil prosesinə qoşulmaq imkanı olmayan müəllimləri qınamadıqlarını da vurğulayıb. Çünki ölkənin hər yerində internetə çıxışın olmaması onların günahı deyil: “Əgər internetlə bağlı problemlər olmasaydı, bütün müəllimlərimiz virtual təhsil prosesinə yüksək səviyyədə qoşulardı”.
Qax rayonunun Qaratala kənd tam orta məktəbinin müəllimi Nəhayət Hüseynova da Sputnik Azərbaycan-a virtual təhsil prosesinin çətinlikləri və üstün cəhətlərini izah edib. 40 ildir həmin məktəbdə riyaziyyat fənnindən dərs deyən Nəhayət müəllimənin sözlərinə görə, riyaziyyat elə bir fəndir ki, gərək onunla mütəmadi məşğul olasan, əks təqdirdə, şagirdlər bildiklərini də unudacaqlar.
“Sözsüz ki, online dərslər ənənəvi dərsləri əvəz edə bilməz. Lakin bütün dünya bu gün koronavirusa qalib gəlməyə çalışır və canlı təmasları virtual təmaslarla əvəz edir. Biz də çalışırıq ki, karantin dövrünü səmərəli keçirək. Əvvəllər telefondan ancaq zəng üçün istifadə edirdim. Bu gün isə mobil telefon həyatımın ayrılmaz hissəsinə çevrilib. Bütün günü şagirdlərlə vatsap vasitəsi ilə əlaqə saxlayıram, qruplar təşkil edib onlara dərs keçirəm”, - deyən kənd müəllimi əvvəllər online dərs metodunun qeyri-mümkün olduğunu düşünüb. Lakin sonra bu çətinliyi dəf edə bilib:
“Əvvəl düşünürdüm ki, virtual yolla dərs keçmək mümkün deyil. Riyaziyyat fənni tarix, ədəbiyyat deyil ki, monitorun qarşısında oturub uşaqlara dərsi danışasan. Ona görə də onlayn dərs mənə mücərrəd görünürdü. Fikirləşirdim ki, qrup yaratmaq, şagirdləri toplamaq da çətin olacaq. Amma gənc həmkarlarım sağ olsunlar, mənə kömək etdilər. Bir vaxt mənə mümkünsüz görünən məsələni mümkünə çevirdim. Demək ki, cəhd edəndə alınır. Bu gün şagirdlərlə daim əlaqə saxlayıram, çalışıram ki, onlar dərsdən geri qalmasınlar”.
Məktəbəqədər hazırlıq qrupunun rəhbəri Sənubər Abbasova da bildirib ki, şagirdlərlə onlayn məşğul olmaq olduqca çətindir:
“Karantin dövrü başlayanda çox narahat oldum. Düşünürdüm ki, mən onlarla necə məşğul olacağam? Axı onlar hələ azyaşlıdırlar. Bir müddət əziyyət çəkdim, amma sonradan öyrəşdim. Çalışıram ki, geri qalmasınlar. Valideynlərlə hər gün əlaqə saxlayıram, onlayn dərslər keçməyə çalışıram. Bəzən alınmır, internet, elektirik kəsilir, biz dərsi dayandırmalı oluruq. Bu zaman köməyimizə ancaq telefonla əlaqə çatır. Telefonla əlaqə saxlayıb onlara dərsi başa salıram”.
Söhbətləşdiyimiz təhsil işçiləri bildirdilər ki, əgər Qax rayonunda, kəndlərdə internet və elektrikin tez-tez kəsilməsi problemi olmasa, şagirdlərə virtual dərslərin keçilməsində ciddi problem yaşamazlar. Virtual təhsilin çatışmazlıqları ilə yanaşı üstün tərəfləri də var. Çünki şagirdlər virtual yolla əldə etdikləri materialları, müəllimlərin dərslərini təkrar-təkrar izləmək imkanına malik olurlar. Eyni zamanda bu, məktəbə gedib-gələrkən itirilən vaxta da qənaət etmək imkanı yaradır.