İdeal müəllimlər... Hadisə

İdeal müəllimlər...

Arzu Şirinova

Sabah müəllimlərin peşə bayramıdır. Bu tarixin Müəllimlər Günü kimi qeyd olunmasına dair qərarı 1966-cı ilin 5 oktyabrında YUHESKO verib. Eyni zamanda, təşkilat müllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda da müəllimlər bu günü bayramları olaraq keçirirlər. Əfsuslar ki, əksəriyyət maddi sıxıntılar və problemlər içində əzilirlər. Deyirik ki, müəllim şərəfli bir peşədir. Və bu şərəfli peşənin sahibləri həm də gələcəyimizin qarantıdırlar...
...Mənim ilk müəllimim Sura müəllimə olub. Kasıbın, varlının, dostun, tanışın uşağına fərq qoymadan hər kəsə əməyini verən və qarşılığında yalnız və yalnız gələcəyin yüksək səviyyəli mütəxəssisini görmək istəyən Sura müəlliməm. Həm tələbkar, həm mülayim, həm də hər birimizə bir ana qayğısı göstərən ilk müəllimimin əməyini boşa çıxarmadığım üçün çox şanslıyam. Mən dostlarımla söhbət zamanı həmişə bu fikri xüsusi olaraq vurğulamışam ki, jurnalist kimi yetişməyimdə müəllimlərim-ibtidai sinif müəllimim Sura müəlliməyə, dil-ədəbiyyat müəllimi Əmikişi müəllimə və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri-Qulu Xəlilova, Tofiq Rüstəmova, Famil Mehdiyə, Şirməmmməd Hüseynova minnətdaram.
Beşinci sinifdən etibarən bizə dil-ədəbiyyat fənnindən dərs deyən Əmikişi müəllim kimin nəyə qadir olduğunu bilirdi. Sınaq yazı işlərində hər zaman mənim sərbəst mövzu işləməyimi məsləhət görən Əmikişi müəllim çox sonralar deyirdi:"Mən ilk günlərdən fərqindəydim ki, sən jurnalistika fakültəsini seçəcəksən".
Ali məktəbə qəbul olanda ilk olaraq müəllimlərimin-Sura müəllimə və Əmikişi müəllimin xeyir-duasını aldım və bu xeyir-dua hər zaman köməyim oldu. Sonra ali məktəb illəri başladı. 1980-ci illərin əvvəllərində Bakı Dövlət Universitetinin qaymaqlarından dərs aldım. Həinki dərs aldım, eyni zamanda həyata baxışım formalaşdı...
...İstər orta, istərsə də ali məktəbdə təhsil aldığım müəllimlərim hər zaman mənim üçün ideal olublar. Bu gün də belədir, sabah da belə olacaq. Ancaq nə yazıqlar ki, bu gün ideal səviyyədə görmək istədiyimiz müəllimlər barmaqla sayılacaq saydadırlar. Mən hər hansı müəllimin savadını, biliyini şübhə altına almıram. Bunu statistika da göstərir ki, Azərbaycanda müəllimlərin əksəriyyəti savadlıdırlar.
2003-2013-cü illərdə təhsilin inkişafındakı xidmətlərinə görə 2000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb. Son illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş müəllimlərin hər birinə 5000 manat birdəfəlik pul mükafatı verilib.
İdeal olmaq isə tam başqadır. Bu gün ən savadlı müəllimin belə gözləri əlamətdar bayramlarda şagirdin və yaxud tələbənin əlinə dikilirsə, o zaman ideal bildiyin hər şey məhv olur. Keçmiş təhsil naziri Misir Mərdanov demişkən, müəllimin aylıq məvacibi 2000 manat olmaldır ki, o ailəsini dolandıra və istirahətini təmin edə bilsin. Və bir də müəllim günündə "10 manat azdır, bir kilo ətin puluna qalmamışam", deyib müəllim adına və şərəfinə kölgə salmasın...
R.S. Səhər məhlədən dayanacağa gedərkən arxamca gələn iki qadının söhbətinin qulaq şahidi oldum.
- Müəllimlər gününə pul verdin?
- Bizim müllimə deyib ki, kim mənə hədiyyə almaq istəyir və yaxud pul vermək istəyir məktəbə gətirməsin.
- Bizimki isə, dedi heç nə lazım deyil. Deyirlər təzə nazir yaman düşüb müəllimlərin üstünə. Ancaq necə olur-olsun mən hörmət edəcəm. Baxma o da əziyyət çəkir...
Bəli, biz bir millət olaraq hörmət etməyi sevən bir millətik kimi ad çıxarmışıq.