“Dua məcmuəsi” kitabı İlahiyyat İnstitutuna hədiyyə edilib Hadisə

“Dua məcmuəsi” kitabı İlahiyyat İnstitutuna hədiyyə edilib

Azərbaycanlı təfsir alimi Mir Məhəmməd Kərim Bakuvinin “Dua məcmuəsi” kitabı Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) hədiyyə edilib. Aİİ-dən bildirilib ki, “Dua məcmuəsi” kitabında salavatın növləri, xüsusi seçilmiş dualar və zikr növləri toplanıb. Kitab AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tərəfindən instituta təqdim olunub. Sözügedən kitabı M.Babaşlıya alimin qızı Əliyyə xanım bağışlayıb.
Qeyd edək ki, son illərdə Bakuvinin həyat və yaradıcılığı tədqiqatçılarımız tərəfindən araşdırılır. Repressiya qurbanı olan alimin əlyazmalarının böyük hissəsinin aqibətinin naməlum olmasına baxmayaraq, Mir Məhəmməd Kərim Bakuvinin kitabxanasına aid bəzi kitabların arxivlərdə qorunub saxlanılır.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunda dini-elmi əlyazmaların toplanması və tədqiqi ilə bağlı bir sıra işlər görülür. Bu dəyərli əlyazma da Aİİ-nin silsilə nəşrləri arasında çap edilmək məqsədilə İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tərəfindən araşdırılır.