İki həftəlik sərt karantin rejimi niyə vacibdir? Hadisə

İki həftəlik sərt karantin rejimi niyə vacibdir?

İki həftəlik sərt karantin rejiminin tətbiqi əhəmiyyətli və vaxtında verilmiş qərardır. Belə ki, son həftələrdə koronavirusa yoluxma sayında ciddi artım müşahidə edilir.
Bunu açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri, həkim Nabil Seyidov deyib.
Onun sözlərinə görə, gündəlik yoluxma hallarının 300-dən çox olması uzun müddət davam edərsə, səhiyyə sistemində problemlər yarana və insanların tibbi yardım almasını əngəlləyə bilər.
“Bu vəziyyət həkimlərimizin, orta tibb personalının, tibb işçilərinin həddindən artıq yüklənməsinə və tükənməsinə gətirib çıxara bilər. Ona görə də iki həftəlik sərt karantin rejiminin tətbiqi yoluxma hallarının azaldılmasına hesablanıb. Yoluxma hallarının azalması xəstəxanaların normal rejimə dönməsinə imkan verəcək. Qadağalar, həmçinin yoluxma sayının azalmasına xidmət edəcək, beləliklə, insanlar normal şəraitdə fəaliyyətlərini davam etdirə biləcəklər. Bu dəfə tətbiq olunacaq iki həftəlik sərtləşdirilmiş karantin rejimi mart-aprel aylarındakından çox böyük olmasa da, fərqli olacaq. Bu da göstərir ki, vəziyyət nəzarət altındadır".
N.Seyidov bildirib ki, 5 iyula qədər sərt karantin rejimi xəstəxanaların, təcili yardımın yükünün bir qədər azaldılmasına kömək edəcək.
“Vətəndaşlar bunun müqabilində daha keyfiyyətli, daha əhatəli yardım ala biləcəklər. Yoluxanların sayı ilə sağalanların sayı arasında fərq olduğu üçün çarpayı sayı kəskin şəkildə azalmış olur. Bu da xəstəxanaları yükləyir. Son günlər COVID-19 xəstələrinin müalicəsi, müşahidəsi üçün əlavə xəstəxanalar ayrılır. Əlavə xəstəxanaların ayrılması ilə əvvəllər onların xidmət göstərdiyi insanlar başqa müəssisələrə üz tutmalı olurlar. Bu da əhəmiyyətli dərəcədə çətinliklər yaradacaq, tibbi yardıma çıxışın məhdudlaşmasına səbəb olacaq. Belə problemlərin olmaması üçün kəskin karantin rejiminin daha uzun müddət tətbiqinə dair qərar verildi”.
Həkim qeyd edib ki, koronavirus insandan insana yoluxduğu üçün yaxın təmaslardan çəkinmək lazımdır.
“Bunu təmin etmək üçün ən effektiv metod tibbi maskalardır və hamı tərəfindən istifadə olunmalıdır. Maska insanların geyiminin bir hissəsinə çevrilməlidir. Bundan əlavə, fiziki məsafə saxlanılmalı, 10 nəfərdən çox insan bir araya yığışmamalıdır. Mərasimlərin keçirilməsi yolverilməzdir. Bu cür tədbirlər, toplaşmalar zamanı yoluxma halları daha çox olur. İnsanlar buna yol verməməlidir, məsuliyyət daşımalıdır. Əllərin gigiyenası vacibdir. Uşaqlara nəzarət ciddi olmalıdır. Hesab edirəm ki, tətbiq olunan qərarlara riayət etməklə pandemiyanı nəzarətdə saxlaya və tədricən qalib gələ bilərik”.