Dini radikal qruplar bəlli maraqlara alətdir Hadisə

Dini radikal qruplar bəlli maraqlara alətdir

Mübariz Qurbanlı: "Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada müəyyən qarşıdurmaları görürük"

"Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir.
Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər".
Bunu hakim partiyanın saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dilə gətirib.
Onun dediyinə görə, həmin qrupların ölkədə sosial dayaqları yoxdur, çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri "ideyalar" xalqımıza, cəmiyyətimizə xas deyil.
Komitə sədri bildirib ki, əslində, dini-radikal qrupların meydana gəlməsi İslam dininin özünə, islam dünyasına ziyan vuran məsələdir, yəni, onların ortaya qoyduqları fəaliyyət bütövlükdə İslam dəyərlərinə ziddir, bu fəaliyyət müsəlman dövlətlərində qarşıdurmalara gətirib çıxarır.
Mübariz Qurbanlının bildirdiyinə görə, dini radikal qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək məqsədi daşıyır: "Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər.
Bizim ulu babalarımızın islamı qəbul etməsindən bu yana ənənəvi olaraq həyata keçirdiyimiz islami ənənələr davam etməlidir. Kimlərsə, başqa ölkələrdə yaranmış xırda dini cərəyanların, radikal qrupların fikirlərini Azərbaycana gətirib təşviq etmək istəyirsə, əlbəttə, bu yolverilməzdir. Biz bunun qarşısını almağa qadirik və faktiki olaraq qarşısı alınmış vəziyyətdədir.
Bu günlərdə xalqımız müqəddəs Qurban bayramını qeyd etdi. Qurban bayramı dinimizin ən mühüm bayramlarından biri sayılır. Bu bayram tədbirlərində məscidlərimizdə keçirilən dini ayinlər, mərasimlər bir daha göstərdi ki, cəmiyyətin böyük əksəriyyəti ənənəvi islami dəyərləri qoruyur və onun tərəfindədir. Müəyyən dini radikal qrupların cəhdlərinə baxmayaraq, onların arxasınca gedən yoxdur.
Əlbəttə, bəzən ayrı-ayrı faktlar üzə çıxır, radikal qrupların təşviqi ilə Azərbaycandan kənara gedərək hansısa ölkənin ərazisində silahlı birləşmələrə qatılanlar var. Amma bunlar tək-tək faktlardır. Bu hadisələr ümumi cəmiyyətə şamil edilə bilməz. Xalqımızın söykəndiyi islami dəyərlər və ənənələr var ki, bunlardan bizi heç kim uzaqlaşdıra bilməz".