Avtoxuliqanlar yenə “iş başında” Hadisə

Avtoxuliqanlar yenə “iş başında”

Gəncədə yarışa çıxan avtoxuliqanlar piyadanı vurublar

Gəncədə 9 avtoxuliqan saxlanıb. İki avtoxuliqan isə yarış zamanı piyadanı vurub. Piyada aldığı xəsarətlərdən Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İki gün əvvəl axşam saatlarında Gəncədə iki avtoxuliqanın avtomobili yüksək sürətlə idarəetməsi bir piyadanını vurulması ilə nəticələnib. "Misubisi Pajero" və "Niva" markalı avtomobillər Atatürk prospektində yarışan zaman yolu keçmək istəyən 53 yaşlı şəhər sakini Bayram Nəciməddinovu vurub. Zərəçəkən yaxınlarının köməyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinin həkimi Ələddin Kərimov xəstənin vəziyyətinin ağır olduğunu deyib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hər iki avtomobil aşkar olunub və cərimə meydançasına aparılıb.
Son zamanlar avtoxuliqanların fəallaşması Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşlarını hərəkətə gətirib. Keçirilən gecə reydlərinin nəticəsi olaraq təkcə son bir həftə ərzində 7 nəfər avtoxuliqan inzibati qaydada həbs edilib. Gün ərzində, əsasən də gecə saatlarında şəhərin küçə və prospektlərində həm özlərinin, həm də digərilərinin həyatını təhlükədə qoyan avtoxuliqanların bir neçəsi 3 gündən 20 günədək müddətə həbs edilib. Dövlət yol polisinin Gəncə şöbəsinin rəisi Rəhim Zalov bildirib ki, "bundan sonra da mütamadi olaraq avtoxuliqanlıq edərək insanların rahatlığını pozan, etdikləri hərəkətlərlə yollarda digər sürücülərə təhlükə yaradan, özbaşınalıq edən sürücülərə qarşı DYP tərəfindən ən sərt tədbirlər görüləcək."
Yeri gəlmişkən, bu ilin 9 ayı ərzində Bakıda avtoxuliqanlıq edən 150, polisin qanuni əmrinə tabe olmayan 2968 sürücü saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildiriblər.