Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir" Dünya

Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"

Avropa dövlətləri hazırda Yaxın Şərqdə müstəqil şəkildə əməliyyatlar aparmaq üçün kifayət qədər hərbi potensiala malik deyillər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Yaxın Şərqdə hərbi müdaxilə tələb edən vəziyyət yaranarsa, avropalılar Vaşinqtona arxalanmaq əvəzinə müstəqil hərəkət etmək qabiliyyətinə malik olmalıdırlar. "Hazırda avropalılar bunu etmək üçün kifayət qədər imkanlara malik deyillər. Buna görə də ABŞ-nin liderliyi hələ də zəruridir", - deyə alyansın Baş katibi vurğulayıb.

Rütte həmçinin bildirib ki, Berlin divarının yıxılmasından sonra Avropa ölkələri uzunmüddətli sülh ümidi ilə müdafiə xərclərini həddindən artıq ixtisar ediblər. Bu baxımdan o, müttəfiqləri öz potensiallarını gücləndirmək üçün hərbi büdcələri artırmağa və müdafiə sənayesi güclərini inkişaf etdirməyə çağırıb.

Qırmızı dənizdəki vəziyyətə toxunan blokun Baş katibi gəmiçilik azadlığının təmin edilməsinin tamamilə Birləşmiş Ştatların üzərinə qoyula bilməyəcəyini göstərib. O dəqiqləşdirib ki, Avropa ölkələri regionda tətbiq oluna biləcək və amerikalıların imkanlarını üstələyən inkişaf etmiş minalardan təmizləmə vasitələrinə malikdirlər.

Məryəm Quliyeva