
Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Gömrük Xidmətinin rəhbərliyi ilə görüşü keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. "Lakin bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik" - deyə sözünə davam edən Komitə sədri Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.