FHN Mülki Müdafiə Qoşunlarının taktiki təlimi keçirilib Hadisə

FHN Mülki Müdafiə Qoşunlarının taktiki təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib.
APA-nın "Fövqəladə hallar" qəzetinə istinadən verdiyi məlumata görə, təlimə hərbi hissənin qərargahı, xidmətləri və şəxsi heyəti, 20 ədəd avtomobil texnikası, xüsusi təyinatlı avadanlıqlar və aqreqatlar, şərti olaraq Lənkəran və Masallı rayonlarının mülki müdafiə xidmətləri və hərbiləşdirilməmiş dəstələri cəlb edilib.
Fövqəladə hadisə rayonuna cəlb olunmuş xilasetmə dəstələri ilə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə işlərinin aparılması, mühəndis və xilasetmə texnikasından, həmçinin xüsusi avadanlıqlardan istifadə etməklə öz qüvvələri ilə hadisə rayonunda zərərçəkmişlərin axtarışı və uçqunlar arasından çıxarılması, binaların yuxarı mərtəbələrindən insanların xilas edilməsi, onlara ilk tibbi yardımın göstərilməsi, qəza rayonunda kimya müşahidə postunun açılması, zərərçəkmişlərin çeşidlənməsi, ərazinin mühafizəsi üçün səyyar patrul xidmətinin təşkili, insanların təhlükəsiz əraziyə təxliyə edilməsi tapşırığı praktiki olaraq məşq edilib.
Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan məqsədə nail olunub.