Yol qəzalarının acı statistikası Hadisə

Yol qəzalarının acı statistikası

Azərbaycanda 9 ayda "yol terroru" nəticəsində 74 uşaq ölüb, 175 uşaq isə yaralanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzalarında ölənlərin 74 nəfəri, yaralananların isə 175 nəfəri 16 yaşına qədər uşaq olub. Bu barədə "Trend"in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 1959 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 845 nəfər ölüb, 1993 nəfər yaralanıb.
K.Əliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 198 fakt, ölənlərin sayı 27 nəfər, yaralananların sayı isə 310 nəfər azalıb.
Hesabat dövründə Bakıda 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.
Hadisələrin çoxu piyadaların vurulması ilə müşayiət olunub. Bu, ümumi hadisələrin 36 faizini təşkil edib. Piyadaların vurulması ilə nəticələnən 707 hadisə baş verib. Nəticədə 267 nəfər ölüb, 499 nəfər yaralanıb.
Sürət həddinin aşılması səbəbindən 571 qəza baş verib. Nəticədə 293 nəfər ölüb, 468 nəfər xəsarət alıb.
Ötmə və qarşı hərəkət zolağına keçmə səbəbindən 630 qəza baş verib. Bu zaman 256 nəfər ölüb, 763 nəfər xəsarət alıb.
Yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən 159 hadisə qeydə alınıb. Nəticədə 65 nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Bakıda isə yol qəzalarının günün ən çox hansı saatlarında qeydə alındığına dair statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, hadisələrin çoxu saat 20:00-24:00 aralığında baş verir. Belə ki, hesabat dövründə göstərilən zaman kəsiyində paytaxtda 184 yol qəzası baş verib. Hadisələr nəticəsində 76 nəfər ölüb, 177 nəfər xəsarət alıb.
Saat 00:00-dan 06:00-dək 115 yol qəzası baş verib və bu zaman 58 nəfər ölüb, 110 nəfər yaralanıb.
Saat 06:00-dan 08:00-dək 27 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 22 nəfər yaralanıb.
Saat 08:00-dan 13:00-dək 113 qəza baş verib. Nəticədə 28 nəfər ölüb, 121 nəfər yaralanıb.
Saat 13:00-dan 18:00-dək 153 hadisə qeydə alınıb. Qəzalar zamanı 43 nəfər ölüb, 147 nəfər xəsarət alıb.
Saat 18:00-dan 20:00-dək isə 87 yol qəzası baş verib. Qeydə alınan qəzalar nəticəsində 22 nəfər ölüb, 90 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb. Baş vermiş qəzalar nəticəsində həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaq olub.