Saxarov adına mükafat konqolu ginekoloqa verildi Hadisə

Saxarov adına mükafat konqolu ginekoloqa verildi

Siyavuş Novruzov: "Avropa Parlamenti Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salacaqdı"

Elşən Musayev: "Avropada kritik məqamlarda ağıllı düşünən, ən azı Leyla Yunusu tanıyacaq səviyyədə insanlar bu gün də var"

Avropa Parlamentinin Andrey Saxarov adına "Azad düşüncə mükafatı"nın 2014-cü il üzrə laureatı konqolu həkim Denis Mukveq olub. Avropa Parlamentinin bu qərarını oktyabrın 21-də parlamentin prezidenti Martin Şults açıqlayıb.
Şults deyib ki, mükafatın Mukveqə verilməsi qərarı yekdilliklə qəbul olunub.
Denis Mukveq mükafatı alması üçün noyabrın 27-də Strasburqa dəvət ediləcək.
Denis Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açmış bir həkimdir.
Andrey Saxarov adına "Azad düşüncə mükafatı"na builki namizədlər arasında "hüquq müdafiəçisi" Leyla Yunus və Ukraynanın "Avromaydan" hərəkatı da vardı. Denis Mukveq, Leyla Yunus və "Avromaydan" hərəkatı oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunmuşdular.
Maydan hərəkatı Ukraynada Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib.
Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədirlər, dövlətə xəyanətdə ittiham olunurlar.
Xatırladaq ki, 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilən mükafatın dəyəri 50 min avrodur.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, əgər Avropa Parlamenti insan haqları üzrə Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salmış olacaqdı: " Bu mükafatı təqdim edən insanlar da bilirlər ki, Leyla Yunusun kifayət qədər bu və ya digər formada cinayət işində adı gedir. Vətənə xəyanət, Azərbaycanda olan hərbi, dövlət sirlərini digər düşmən dövlətə satma, vergidən yayınma və s. maddələrlə ittiham olunur və istintaq gedir".
YAP rəsmisinin sözlərinə görə, belə olan halda kiməsə mükafatın verilməsi təbii ki, istintaqın gedişatına təsir olardı: "Bu, dünyada qəbul olunmayan bir şeydir. Baxmayaraq ki, bundan qabaq da Anar Məmmədli adlı bir nəfərə mükafat verdilər, lakin onun özü də istintaqa təzyiq vasitəsidir. Bu təzyiqi göstərənlər kimlərdir? Onların təhriki ilə, maliyyə dəstəyi ilə bu hərəkətləri Azərbaycanda həyata keçirən Leyla Yunus və digərləridir ki, artıq bunların da üstü açılır. Onlar burada dələduzluq yolu ilə nə qədər vəsait əldə etdilər, qrantlardan pul kəsmək və digər hallar ortaya çıxıb. Sonra bunun qarşısını almaqdan ötrü onlara tələm-tələsik hər hansı mükafat verib, azadlığa buraxmaq istəyirdilər ki, izi itirsinlər. Artıq istintaq bu məsələlərin izinə düşüb. Yəqin ki, yaxın vaxtlarda açıq şəkildə keçirilən məhkəmədə Azərbaycan xalqı, dünya ictimaiyyəti görəcək ki, bunlar hansı cinayət əməllərini törədiblər və cazaları da nədən ibarət olacaq".
S.Novruzov deyib ki, insan çalışmalıdır ki, öz Vətəninin, dövlətinin hərbi, quruculuq, təhsil və s. sahəsində olan əsas dövlət mükafatlarını alsın: "Vətəninə, xalqına, insanlara, cəmiyyətə xidmətlərə görə bu mükafatları almaq daha vacib şərtdir. Hansısa mücərrəd mükafatı almaq üçün Vətəninə, xalqına, dövlətinə xəyanət etmək yolunu tutmaq yolverilməzdir".
Politoloq Elşən Musayev isə deyib ki, Avropada da Leyla Yunusun əslində hansı məqsədlərə xidmət etdiyini yaxşı bilirlər: "Əslində, Leyla Yunusun "Saxarov" mükafatına təqdimatı Əkrəm Əylislinin adının "Nobel" mükafatı ilə hallanmasına bənzər bir şey oldu. Necə ki bir zamanlar ermənipərəst Əkrəm Əylisli ictimai qınaqdan qorunmağın və Azərbaycan vətəndaşlarının hiddətinin kompensasiyası fonunda "Nobel" mükafatı ətrafında imitasiya edirdi, indi həmin formada Leyla Yunus eyni təbliğatdan bəhrələnmək istəyir".
Politoloqun sözlərinə görə Leyla Yunusun "Saxarov" mükafatı ətrafında birbaşa erməni lobbisinə xidmət edən insanlar tərəfindən təbliğatının aparılmasına baxmayaraq, ən yaxşı halda onu namizədliyini irəli sürə bildilər: "Amma nəticə yenə də göz qabağındadır. Bu, nə deməkdir? O deməkdir ki, bizim özümüzün də hərdən bəyənmədiyimiz Avropada kritik məqamlarda ağıllı düşünən, ən azı Leyla Yunusu tanıyacaq səviyyədə insanlar bu gün də var. Leyla Yunusun dəstəkçiləri, onun adından öz maraqları üçün faydalanmağa çalışanlar və ya elə o ağılda olanlar onun əməlli-başlı insan hüquq və azadlıqları aşiqi obrazını yaratmışdılar. Halbuki Leyla Yunusun heç bir zaman insan hüquq və azadlıqlarına dəxli olmayıb. O, insan hüquq və azadlıqlarının deyil, erməni və Ermənistan aşiqi olub. Leyla Yunusun indiyə qədər tərtib etdiyi "siyasi məhbus" siyahılarında siyasətə və siyasi məhbus anlayışına uyğun gəlməyən şəxslərin adı salınıb və bunun da səbəblərin hamımıza bəllidir: həmin insanlardan hansısa formada maddi baxımdan yararlanmaq, beynəlxalq qrantların yuyulması və sair.
Bilirsiniz, Leyla Yunusun bu "Saxarov" mükafatı ilə bağlı məsələsində simvolik anlam da var: mükafatın bir ginekolog ixtisasında olan Konqo Demokratik Respublikasından olan həkimə verilməsi. Onların fərqi bilirsinizmi nədədir? Onların biri cəmiyyətə insanların bəxş edilməsinin təminatçısı vəzifəsini yerinə yetirir. Leyla Yunus isə cəmiyyətə saxta qadın obrazının fonunda zəhərləyici, qorxulu bir işin təminatçısı rolunda çıxış edir. İnanın ki, orada ginekoloq deyil, bağban belə olsaydı, Leyla Yunus yenə uduzacaqdı".