Bakıda dəhşətli qətl Hadisə

Bakıda dəhşətli qətl

Başı kəsilən tələbə qız bacısı tərəfindən qətlə yetirilib
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Hadisəni törədən P. Nuriyeva saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, oktyabrın 22-də Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun Xətai rayonunda baş verən qətllə bağlı birgə məlumatında qeyd olunur ki, oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G. Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub. Qətli törədən şəxs, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını "Allahın tələbi ilə öldürdüyünü" deyib. Pərvanə Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və "bacını öldür, vaxtı yetişib" deyilib. Suraxanı rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova APA TV-yə açıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.
"Aparılan araşdırmalar zamanı məlum olub ki , Günel Nuriyevanı 1995-ci il təvəllüdlü bacısı Pərvanə Nuriyeva öldürüb. İstintaq zamanı müəyyən edilib ki, hadisə bacılar arasında yaranan şəxsi münasibətlər zəminində baş verib".