Müsabiqənin nəticələri açıqlandı Hadisə

Müsabiqənin nəticələri açıqlandı

Oktyabrın 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində həmçinin, Fond ilə rayon icra hakimiyyərinin birgə elan etdiyi "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövsunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak ediblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son illər Azərbaycan milli mətbuatının sürətli inkişaf yolu keçdiyini bildirib. Medianın cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirən Asif Əsgərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu qeyd edib. Fondla birgə müsabiqənin ikinci dəfədir ki, keçirildiyini diqqətə çatdıran Asif Əsgərov təqdim edilmiş yazıların böyük əksəriyyətini şəxsən oxuduğunu vurğulayıb, əhatəli və obyektiv yazılar üçün jurnalistlərə təşəkkürünü bildirib.
Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Fondun icraçı direktoru bildirib ki, konfransın keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin genişləndirilməsidir.
Vüqar Səfərli Səbail rayon rəhbərliyinin KİV-lə əməkdaşlığa böyük maraq göstərdiyini, jurnalistlərə xüsusi diqqətlə yanaşdığını, əlamətdar bayramlarda onları mükafatlandırdığını razılıqla qeyd edib, son illər rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini yüksək qiymətləndirib.
Fondun icraçı direktoru müsabiqənin nəticələri barədə geniş məlumat verib. 2014-cü il iyulun 18-dən oktyabrın 1-dək keçirilmiş müsabiqəyə 16 redaksiyadan 26 yazının təqdim olunduğunu, hər bir yazının 3 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. Vüqar Səfərli yekun nəticələrin rayon icra hakimiyyətinin başçısı ilə müzakirəsi zamanı müsabiqənin şərtləri daxilində mükafatdan kənarda qalmış jurnalistlərin də mükafatlandırılması barədə razılığın əldə olunduğunu diqqətə çatdırıb.
Media nümayəndələrinin çıxışlarında bu kimi tədbirlərin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, fərdi jurnalist yazıları müsabiqələri KİV nümayəndələri ilə rayon icra hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsi, habelə rayonla bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

XC