Astarada İranla birgə İstilik Elektrik Stansiyası inşa olunacaq Hadisə

Astarada İranla birgə İstilik Elektrik Stansiyası inşa olunacaq

İran və Azərbaycan arasında elektrik enerjisi üzrə əməkdaşlıq 2000-ci ilin əvvəllərindən başlayıb və iki ölkə elektrik enerjisinin mübadiləsi və nəqli infrastrukturlarının yaradılması istiqamətində əməkdaşlığı davam etdirir.

Bunu açıqlamasında İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, İmişli (Azərbaycan) - Parsabad (İran) yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi də buna misaldır: "İran tərəfi bu müqaviləni müsbət qiymətləndirir. Çünki iki ölkə arasında imzalanan və xalqlarımızın sosial rifahını yaxşılaşdıran və inkişaf etdirən hər bir konstruktiv müqavilə əhəmiyyətlidir. Şübhəsiz, "TAVANİR" və "Azərenerji" arasında əməkdaşlıq bu istiqamətdə dəyərləndirilir və İran dost, qardaş Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən, elektrik enerjisi sahəsində əməkdaşlığı davam etdirməyə çalışır".

Səfir qeyd edib ki, son dəfə bu müqavilənin müddəti 2020-ci il mayın 25-də ilin sonuna kimi uzadılıb: "Müqaviləyə əsasən, İran 2020-ci il 6 iyun tarixindən Parsabad məntəqəsində Azərbaycandan 160 meqavat/saat elektrik enerjisi idxal edir. Hər iki tərəf bu müqavilənin müddətinin uzadılmasında iradə nümayiş etdirir və əməkdaşlığın davam etməsini istəyir. İki ölkənin texniki işçi qrupları arasında əməkdaşlıq formatı haqda müzakirələr aparılıb. İran bu müqavilənin müddətinin uzadılması, üstəlik idxal edilən elektrik enerjisinin həcminin 160 meqavat/saatdan qat-qat çox olmasında maraqlıdır. İran tərəfi, həmçinin bu sahədə ikitərəfli mübadilələrə maraq göstərir".

Musəvi qeyd edib ki, iki ölkənin enerji münasibətlərinin perspektivində qeyd olunan şirkətlər arasında yeni müqavilənin imzalanması üçün müsbət müzakirələr aparılıb: "İran tərəfi enerji mübadilələrinin həcminin daha da artmasına və iki ölkənin elektrik şəbəkəsinin birləşdirilməsinə çalışır. Eyni zamanda, Azərbaycanla 800 meqavat/saat elektrikin mübadiləsinə imkan yaranıb. Bundan əlavə, iki tərəf Azərbaycanın Astara rayonunda 500 meqavat/saatlıq İstilik Elektrik Stansiyasının inşa olunması üzrə razılığa gəlib. Bu stansiyanın qazı İran tərəfindən təmin olunacaq və istehsal edilən elektrik enerjisi ya İrana satılacaq və ya üçüncü ölkəyə ixrac olunacaq. Əlbəttə, anlaşma memorandumunun tənzimlənməsi haqda müzakirələr aparılıb və hələlik yekunlaşmayıb".

Səfir deyib ki, hazırda İran, Azərbaycan və Rusiya arasında enerji dəhlizinin yaradılması üzrə üçtərəfli müzakirələr aparılır: "Bu müzakirələrdə üç ölkənin elektrik şəbəkələrinin sinxronlaşdırılması irəli sürülür. Bu layihə hər üç ölkə üçün çox faydalıdır. Üç ölkənin elektrik şəbəkəsinin bir-birinə qoşulması və istehsal olunan məhsuldan birgə istifadə barədə razılıq əldə olunub. Bu layihə icra edildiyi halda Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizliyi və keyfiyyəti böyük miqyasda yüksələcək.

İran, Azərbaycan və Rusiya Energetika nazirləri müavinləri arasında aparılan texniki müzakirələr və razılaşmalara əsasən, İranın Monenko Mühəndislər Konsultasiya Şirkəti (Monenco Iran Consulting Engineers Company) texniki araşdırmaları aparacaq və üç ölkənin elektrik şəbəkəsinin birləşdirilməsi üçün infrasturkturların inşasını başa çatdıracaq. Bu əməliyyat artıq başlayıb və növbəti bir neçə ay ərzində başa çatacaq. Ondan sonra icra mərhələsinə daxil olacaq.

Bu layihənin icra olunması ilə, hər üç ölkənin elektrik enerjisinə mövsümü ehtiyacları aradan qalxmış olacaq. Bildiyiniz kimi, ölkələrdə elektrik enerjisinin pik istehlak dövrü bir-birindən fərqlidir. Məsələn, İranda elektrik enerjisinin pik istehlakı yay mövsümündə olur. Halbuki, Rusiyada bu, qış mövsümünə təsadüf edir. İran bu imkandan istifadə etməklə pik istehlak vaxtında Rusiyanın əlavə elektrik enerjisindən istifadə edə, qeyri-pik istehlakı vaxtında həmin həcmdə elektrik enerjisini Azərbaycanın elektrik şəbəkəsi vasitəsi ilə Rusiyaya nəql edə bilər. Bu cür əməkdaşlıqla ölkələr yeni obyektlər inşa etməyərək öz vəsaitlərinə qənaət edə, əvəzində elektrik şəbəkəsinə qoşulduğu ölkənin əlavə elektrik enerjisindən istifadə edə bilərlər".

Abbas Musəvi bildirib ki, Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin İran vasitəsi ilə Türkiyəyə ötürülməsi formatı haqqında İran və Azərbaycan mütəxəssisləri arasında texniki müzakirələr aparılmaqdadır: "Bu müzakirələr yekunlaşdığı halda, İran Azərbaycanın elektrik enerjisini sərhəd bölgələrdə təhvil ala və Türkiyə ilə sərhəddə bu ölkəyə təhvil verə bilər. Bu müzakirələrin ən qısa zamanda yekunlaşacağına və üç dost və qardaş ölkə arasında əməkdaşlığın artacağına ümid edirəm".