“Azərbaycan tarixi” dərsliyinin müəllifləri xəritələrlə bağlı iddialara cavab verdilər Hadisə

“Azərbaycan tarixi” dərsliyinin müəllifləri xəritələrlə bağlı iddialara cavab verdilər

7-ci sinif “Azərbaycan tarixi” dərsliyindəki xəritələrə dair sosial şəbəkələrdə irəli sürülən tənqidi fikirlərlə bağlı dərslik müəllifləri açıqlama verib.

Dərslik müəllifləri qeyd edirlər ki, 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyi haqqında əsassız iddialar irəli sürülmüşdür. İddiada dərslikdəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsi tənqid olunur.

Qeyd edək ki, bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır. Dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi Arsak adı ilə verilib.

Belə ki, həmin dərsliyin 8-ci səhifəsində belə bir məlumat verilib:

“Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. *Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər".

Müəlliflər daha sonra bunları qeyd ediblər:

"Arayış üçün bildiririk ki, Azərbaycan ərazisinin qərbində Aran və Dağlıq Qarabağ bölgəsində sak tayfalarının məskunlaşma arealı geniş olduğundan ta qədimdən bu günə qədər “Ərsak” və ya “Arsak” toponimi burada daha çox işlənilmiş və yazılı mənbələrdə əks olunmuşdur. Bu barədə görkəmli tarixçilərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun, Mirəli Seyidovun, Ziya Bünyadovun, Rəmzi Yüzbaşovun, Qiyasəddin Qeybullayevin və başqalarının əsərlərində ətraflı məlumatlar verilmişdir. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətli məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlmişdir. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşamış və müxtəlif yer adları onlarla bağlı olmuşdur. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşmışlar və eyni hal orada da təkrarlanmışdır.

Beləliklə, həm Qarabağ, həm də də Arsak sözləri türk mənşəlidir. Ermənilər böyük bağ mənasını verən Qarabağ ("qara” böyük, “bağ” isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən "Arsak" sözünə “t” hərfi əlavə edərək saxtalaşdırıblar və onun formasını dəyişib "Artsax" kimi təqdim edirlər.

Sonda bir daha vurğulayırıq ki, "Ərsak" türk mənşəli sözdür. Eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid" deməkdir".