“Bahalı dərman” problemi Hadisə

“Bahalı dərman” problemi

"Azərbaycan ərazisinə yalnız ümumdünya reyestrinə daxil edilmiş dərmanlar gətirilməlidir"

Həkimə müraciət edənləri qıcıqlandıran səbəblərdən biri də əksər həkimlərin bahalı firma dərmanlarından ibarət resept yazmalarıdır. Həkim yalnız öz yaxınlarına və tanışlarına həmin dərmanların eyni olan ucuz vasitələr yaza bilər.
Xəstələrin fikrincə, həkimlərin bahalı firma dərmanlarına müraciət etmələrinə səbəb onların satışdan faiz əldə etmələridir. Ümumiyyətlə, tibb işçilərinin müxtəlif firmalarla əməkdaşlığı hələ də ictimaiyyət arasında ən çox müzakirə edilən mövzulardandır.
Dərman şirkətlərindən birinin əməkdaşı deyir ki, qiymətlərin bu qədər baha olmasına səbəb monopoliyadı: "Bazara artıq firma buraxmamaqla qiymətləri öz istədikləri kimi formalaşdırırlar. Bundan başqa, firmalar öz bahalı ofis kirayəsini, 4-5 qrup və hər qrupda 5-6 işçi və digər çalışanların maaşlarını verir. Ən əsası da reseptə yazılan hər dərmana görə 20 faiz, bəzən də 40 faiz haqq verilməsi (bu həm yazılandan sonra hesablanmış formada, həm də yazılmamış bəlli bir say dərmanın faizinin avans və ya öncədən ödəmə şəklində verilməsi də ola bilir) nəzərə alınarsa, dərmanlar sərhəddi keçdikdən sonra 4 dəfədən çox bahalaşır. Bu, adi bazar şərtlərinin tələbi ilə formalaşan qiymətlərdi.
Bu firmalar da istiqamətlərə görə bir neçə yerə bölünüb. Belə ki, psixotrop dərmanları bir firma gətirirsə, diabetlilər üçün olan preparatları başqa firma gətirir. Ona görə qiymətləri də bahadı. Apteklər razılaşdırılmadan inhisarda olan dərmanı satsalar 120 manat cərimə olunurlar. Firmalar da qarşılıqlı maraq əsasında işləyir. Belə ki, həm aptekə, həm də həkimə faiz ödəyirlər".
Adının gizli qalmasını istəyən müsahib bildirir ki, firmaların əməkdaşlıq şərtləri müxtəlifdir: "Hazırda ölkədə 300-dən artıq dərman firması var. Hər bir firmanın həkimlərlə işləmək prinsipi, ödənişin edilməsi qaydaları fərqli olur. İlk növbədə, firma həkimlərə müraciət edir. Baş həkim razılıq verirsə, xəstəxanada, əks halda, həkimlərlə kənarda görüşürük. Baş həkimin icazəsi olanda işləmək daha rahatdır, xəstəxanadakı bütün həkimlərə müraciət edib, qiymətlərimizi və dərmanları təklif edirik. Məsələn, 5 ay ərzində həftədə 3 dəfə xəstəxanaya gəlmək üçün ayda 300 manat baş həkimə ödəyirik. Bu zaman o, bizə "peçat"lı kağız verir. Hansı həkim razı olursa, əməkdaşlığa başlayırıq. Xəstəyə yazılan dərmanın müqabilində həkimə faiz çatır. Ona görə də həkimlər daha çox bahalı dərmanlar yazır. Həkimlərin 80-90 faizi ön ödəmə tələb edir, çünki firma işçisi dəyişəndə problem yaranır".

"Uzun resept"lərdən gələn gəlir

Müsahibin dediyinə görə, dərmanların qiymətinin yüksək olması firmalararası rəqabətin, həkimlərin bu dərmanları yazması da daha çox qazanmaq istəyinin nəticəsidir: "Həkimlər bahalı dərmanlar təklif edən firmalarla işləməyə çalışırlar. Eyni dərmanı gətirən firma çalışır ki, o, rəqabətdə olduğu firmadan daha yüksək qiymətə satsın. Dərmanın qiyməti yüksək olanda həkimə çatacaq faiz də artır. Çünki o, yazdığı hər reseptə görə faizi alır. Həkimlərin uzun reseptlər yazması da gəlir əldə etməklə əlaqədardır".
Onun sözlərinə görə, həkimlər əlavə qazanca maraqlı olsalar da, onları işbirliyinə dəvət etmək asan olmur. Ona görə yox ki, onlar satmaq istəmir, sadəcə, daha çox qazanmaq istəyirlər: "Bəzən həkimlərə müraciət edəndə deyirlər ki, "filan firma daha yüksək qiymət təklif etdi, yaxud xaricdə istirahət təşkil etdi". Elə həkimlər də var ki, keyfiyyətsiz dərman yazmırlar, hətta bir milyon təklif etsək də. Daha çox Hindistan istehsalı olan dərmanlardan imtina edirlər. Lakin həkimlərin 85 faizi maddi marağa görə firma ilə işləyir".

Firmalar dərmanın faizini həkimlərə verirlər

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, həkimlərin xəstəyə bahalı dərman yazmasından əsas ziyanı kasıb təbəqə çəkir: "Pasiyentlər arasında sorğu keçirmişdik, onlar deyirdilər ki, həkimlər firmalarla əlbir olurlar və daha çox firma dərmanları yazmağa üstünlük verirlər. Belədə adətən müalicənin qiyməti 3-4 dəfə artır. Həkimlər nə qədər dərman yazırsa, firmalar dərmanın faizini həkimlərə verirlər". İqtisadçının fikrincə, xaricdən idxal olunan dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir. Onun fikrincə, nəzarət funksiyası normal şəkildə yerinə yetirilsə, gizli yollarla bazara daxil olan məhsulların qarşısı alınar: "Azərbaycanda azad bazar iqtisadiyyatı hələ tam formalaşmayıb. Dərmanların ölkəyə gətirilməsində inhisarçılıq olduğundan, daxil olan mal yalnız bir əldən keçdiyinə görə, bazarda rəqabət yaranmır. Respublikada istənilən məhsulun qiyməti real deyil, inhisar qiymətidir. Bu məsələləri tənzimləmək, nəzarət aparmaq və monopoliyanın qarşısını almaq üçün antiinhisar qanunları olmalı, süni qiymət artıran təsərrüfat subyektlərinə qarşı cərimələr tətbiq edilməli və cinayət işi açılmalıdır. Sivil dövlətlərdə azad bazar iqtisadiyyatı üçün bu kimi tədbirlər görüldüyü halda, bizdə bununla məşğul olmalı qurumlar hər şeyı görməzlikdən gəlirlər".

"Elə olur ki, bir dərman 150 ad altında satılır"

Həkim Adil Qeybulla hesab edir ki, bu vəziyyət birbaşa olaraq həkimlərin aşağı əmək haqqı ilə bağlı yaranır: "Bəzən dərman firmaları ilə həkimlər arasında qeyri-sağlam münasibətlər yarana bilir, doğrudur. Lakin bu, təəssüf ki, həkimlərin əmək haqqının az olmasından irəli gələn bir nüansdır. Həkimlər hardansa öz əməklərinin kompensasiyası üçün yollar axtarırlar. Digər tərəfdən əczaçı şirkətlərlə həkimlər arasında isti münasibətlər dünyanın hər yerində var. Məsələn, mən Amerikada da bunu araşdırmışam. Sadəcə, orada bu münasibətlər daha sivil formada həyata keçirilir. Məsələn, farmakompaniyalar daha çox onların dərmanlarından istifadə edən həkimlərin konfransalara, ezamiyyətlərə, müxtəlif səyahətlərə gedərkən və sair zallarda yol xərclərini qarşılayırlar, ya da onlara digər güzəştlər olunur. Bununla da bir növ həkimlərə sponsorluq etmiş olurlar. Amma bizdə bu daha çox korporativ maraqlara xidmət edir. Ona görə də bir qədər çirkin görüntü yaradır, nəticədə insanlarda inamsızlıq formalaşır".
Həkimin sözlərinə görə, bu gün Azərbaycanda yalnız onkoloji xəstəliklər və şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərmanlar dövlət xətti ilə gətirilir, bəziləri humanitar xətt ilə alınır. Amma ümumiyyətlə dərmanların Azərbaycana idxalı məsələsi əsasən müxtəlif kommersiya firmaları tərəfindən həyata keçirilir: "Bunlar dünyanın müxtəlif yerlərində istifadə olunan dərmanları Azərbaycana gətirirlər. Lakin onlara nəzarət mexanizmi adekvat deyil ölkədə. Əvvəla, Azərbaycan ərazisinə yalnız ümumdünya reyestrinə daxil edilmiş dərmanlar gətirilməlidir. Çünki, bu dərmanlar birbaşa olaraq sınaqdan keçirilmiş preparatlardır. O preparatlar ki, sınaqdan keçməyib, Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil edilməyib, bunlar istifadə olunmamalı, ümumiyyətlə, Azərbaycan ərazisnə daxil edilməsinə icazə verilməməlidir. Digər tərəfdən, bu gün Almaniya, inkişaf etmiş bir sıra Avropa ölkələri artıq Şərq reseptləri əsasında hazırlanmış dərmanlardan istifadə edirlər. Həmin dərman bitkiləri Azərbaycan ərazisində də yetişir. Bu gün biz normal dərman sənayesi quraraq bu preparatları hazırlayıb, Avropaya idxal edə, çoxunu da ölkə daxilində istifadə edə bilərik. Bunun üçün kifayət qədər resurs da, imkan da var. Lakin biz bunlardan yararlanmırıq. Əvəzində ayrı-ayrı kommersiya firmalarının Azərbaycana gətirdiyi dərmanlar satılır. Elə olur ki, bir dərman 150 ad altında satılır. Bu, kimə lazımdır? Üstəlik, hamısının keyfiyətini də bilmirik. Çünki bunları yoxlayacaq laboratoriyalarımız da yoxdur. Ona görə səslənən narazılıqlar əksərən haqlı narazılıqlar olur".
Həkimlər, qiyməti baha olan "firma dərmanları" ilə ucuz qiymətli yerli və ya Rusiya, MDB ölkələri istehsalı olan dərmanların keyfiyyəti və təsiri ilə bağlı elə bir fərq olmadığını bildirilər.
Gəncədə fəaliyyət göstərən dərman bazalarından biri "Avromed" in meneceri Tahirə Osmanlı mətbuata müsahibəsində apteklərin dərmanların qiymətindəki artımı "depolar"la əlaqələndirməsini yanlış hesab edir: " Biz dərmanların qiymətini artırmırıq, nə də respublikaya dərman gətirilməsi ilə məşğul olmuruq. Depolar sadəcə topdqan satış fəaliyyətini həyata keçirir. Bizə Bakıdan hansı qiymət deyilirsə, o qiymətə sadəcə 1-2 faiz əlavə edirik. Dərmanların qiymətini hər bir firma özü müəyyənləşdirir və bunu hansı meyar əsasında etdiklərini mən deyə bilmərəm".
Özəl dərman bazasının meneceri onu da əlavə edib ki qiymətdə artımlar tez-tez əsasən Avropa istehsalı olan dərmanlarda baş verir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yaxınlarda mətbuata verdiyi müsahibəsində bildirib ki, problemin qarşısının alınması üçün müəyyən addımlar atılır. Bunlaran biri vahid resept blanklarının tərtib olunmasıdır: "Səhiyyə Nazirliyi tərəfindən xüsusi resept blankları hazırlanıb. Həm özəl, həm də dövlət xəstəxanalarında eyni blanklar istifadə olunur. Amma məsələ ondan ibarətdir ki, hər bir dərman hansısa firmanın istehsalıdır. Ölkəyə gətirilir, laborator müayindən keçirilir və satışa buraxılır. Onların qiymətinə isə Səhiyyə Nazirliyi nəzarət eləmir. Biz sadəcə, tövsiyələr verə bilərik. Amma hazırda vahid qiymət siyasəti ilə bağlı proqram hazırlanıb hökümətə verilib. Yəni, məsələyə dövlət səviyyəsində baxılır".

Ülviyyə Tahirqızı