

“Bugünlərdə ictimaiyyət arasında və mediada ən çox müzakirə edilən mövzu bir neçə gün bundan öncə Bakı şəhəri Səbail rayon məhkəməsinin qəbul etdiyi qərardır. Mətbuatda da dərc edildiyi kimi. Məhkəmənin qərarına əsasən CM-in 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddə - hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddə - cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ağır cinayətləri işləri üzrə Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu sözləri deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
M.İbrahimqızı diqqətə çatdırıb ki, Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə, iki yüz illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super güclərləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Kamandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər: “Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində 1994 və 1995-ci illərdə dövlət çevrilişlərində belə Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik numayiş etdiribdir. Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də Dövlətimizin Qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan Xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından kiçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir.
Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaq.
Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək.
Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir və bu birlik belə də davam edəcək”.