Neapol Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisinə maraq var Hadisə

Neapol Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisinə maraq var

Tərlan

İtaliyada səfərdə olan AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Əliyeva bu ölkənin aparıcı şərqşünaslıq mərkəzində - Neapol Şərqşünaslıq Universitetində olublar. AMEA-nın məlumtına görə, ötən ilin fevralında Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə AMEA Şərqşünaslıq İnstitutu və Neapol Şərqşünaslıq Universiteti arasında imzalanmış qarşılıqlı anlaşma haqqında sazişdən irəli gələn tədbirlər çərçivəsində universitetin rektoru Elda Morlikkio və həmin təhsil ocağının professoru Mikele Bernardini ilə görüş keçirilib.
Səfirliyin ikinci katibi Nəsir Məmmədovun da iştirak etdiyi görüşdə qurumlar arasındakı əlaqələrin inkişafı, gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Söhbət zamanı hər iki qurumun alimlərinin şərqşünaslıq sahəsində birgə tədqiqatlar aparmasının, tələbələrin qısamüddətli staj keçməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanda şərqşünaslıq elminin dərin tarixi köklərə malik olduğunu deyən G.Baxşəliyeva bildirib ki, xalqımızın böyük mütəfəkkir və alimləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının inkişafına, dünya elminə əvəzsiz töhfələr veriblər.
Rəhbərlik etdiyi institutun yaranma tarixi və fəaliyyəti barədə məlumat verən G.Baxşəliyeva qurumun şərqşünaslığın müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinin aparıldığı şöbələrindən danışıb. Bildirib ki, institutda təkcə Azərbaycan üçün deyil, MDB-nin digər ölkələri, Türkiyə, İraq, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İran üçün də mütəxəssislər hazırlanır. E.Morlikkio bildirib ki, Avropanın şərqşünaslıq elmi üzrə ən qədim təhsil ocağı sayılan Neapol Şərqşünaslıq Universiteti əvvəlcə çinşünaslıq sahəsində bir kollec kimi yaradılıb. Bu kollec Avropada çinşünaslıq sahəsində ilk təhsil müəssisəsi olub. Hazırda universitetdə humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır.
Ölkələrimizin elm müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan E.Morlikkio Azərbaycan dilinin Neapol Şərqşünaslıq Universitetində tədris olunması təklifini irəli sürüb. Ötən il Bakıda qurumlar arasında qarşılıqlı anlaşma haqqında sazişlərin imzalandığını xatırladan professor bildirib ki, sənəd hər iki ölkədə elmin inkişafına töhfə verməkdədir. Universitetin muzeyi və kitabxanası ilə tanışlıqdan sonra ali təhsil müəssisəsinin türkologiya fakültəsinin tələbələri ilə keçirilən görüşdə Azərbaycanın tarixi, ölkəmizdə müşahidə olunan sürətli inkişaf, dövlətimiz tərəfindən elm və təhsilə göstərilən diqqət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.