“Azərbaycanın güclü ordusu var” Hadisə

“Azərbaycanın güclü ordusu var”

Diaspor rəhbəri: "Qarabağ məsələsində beynəlxalq təşkilatların qeyri-səmimi yanaşması Ermənistanı təcavüzə daha da ruhlandırır"

"Azərbaycan Ermənistana məxsus vertolyotu öz ərazisində vurmaq hüququna malikdir. Çünki haqqı və hüququ pozulan tərəf Azərbaycandır. Qarabağ Azərbaycanın ərazisidir və orada da rəsmi Bakını izni olmadan heç bir ucuş həyata keçirilə bilməz".
Bu sözləri BayMedia-ya Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayil Ağayev Azərbaycan ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus hərbi vertolyotun vurulmasını şərh edərkən bildirib.
"Həm də Azərbaycan ordusunun qəti addımı dünya azərbaycanlıları arasında həmrəyliyi daha da gücləndirdi. Xalqımızın belə addımlara böyük ehtiyacı var. Biz dünya azərbaycanlılarını, bütün Türk dünyasını qəsbkar və işğalçı, uşaq qatili olan Ermənistan dövlətinə və erməni diasporuna qarşı birgə mübarizə aparmağa səsləyirik"- deyən diaspor rəhbəri Ermənistanı bölgədə vəziyyəti gərginləşdirməkdə ittiham etdi.
"Artıq Ermənistan qanunsuz olaraq necə müddət idi ki, işğal etdiyi Azərbaycanın torpaqlarında hərbi təlim keçirirdi. Ermənistan rəsmən bölgədə təxribatçı fəaliyyətlə məşğul idi. Bu gün Ermənistanın hərbi təlimlər keçirməsi və açıq-aşkar Azərbaycana qarşı hədələyici bəyanatlar verməsi beynəlxalq təşkilatları hərəkətə gətirməli idi. Təəssüf ki, Qarabağ məsələsində beynəlxalq təşkilatların qeyri-səmimi yanaşması Ermənistanı təcavüzə daha da ruhlandırır və onu arxayınlaşdırır. Bu gün onun nəticəsidir ki, işğalçı ölkə çəkinmədən Azərbaycan ərazisində təlim keçirir və vəziyyəti gərginləşdirir".
Mərkəz rəhbəri Qarabağ məsələsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarlarının icrasız qalmasını xatırlatdı: "Qarabağla bağlı Birləşmiş Millətlət Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də öz həllini tapmayıb. Heç kimə sirr deyil ki, ATƏT-in Minsk qrupunun səriştəsizliyi bögədə vəziyyəti ağırlaşdırır. Bu prosesdən ən çox qazanan isə işğalçı Ermənistan olur. Amma Azərbycanın səbri də bir yerə qədərdir. Azərbaycan hər zaman sülh danışıqlarına sadiq olduğunu bəyan edir və Ermənistanı sülhə dəvət edir. Bununla yanaşı Azərbaycanın güclü ordusu var və bu ordu istənilən vaxt torpaqları işğaldan azad etmək hüququnu özündə saxlayır. Bunu nə Ermənistan, nə də beynəlxalq təşkilatlar unutmamalıdır".

Elnur Eltürk