“Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilməlidir” Hadisə

“Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilməlidir”

Aydın Mirzəzadə: "Bakıda binaların tikilməsi ilə bağlı "qırmızı cizgi" müəyyənləşməlidir və həmin binalar o cizgi çərçivəsində tikilməlidir"

YAP-çı millət vəkili Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında cəbhədəki son vəziyyətə toxunaraq deyib ki, Azərbaycan ordusu istənilən təxribatın qarşını ala bilər.
O bildirib ki, 2015-ci ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsaitlərin artırılması çox yaxşı haldır: "Azərbaycan Silahlı Qüvvələrinə diqqətin artırılması, yeni hərbi texnikaların alınması, hərbi peşəkarlığın artırılması Azərbaycanın ordusunun Ermənistan tərəfinin istənilən təxribatına cavab verə biləcək vəziyyətə gətirib çıxarır. Noyabrın 12-də təmas xəttində baş verən hadisə və Ermənistanın susması bir çox qənaətə gətirib çıxarır. Azərbaycanın hərbi gücünün artırılması Dağlıq Qarabağ münaqişənin həllində öz müsbət təsirini göstərəcək".
Deputat gələn ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manatın gələcəkdə artırılmasını da təklif edib.
Aydın Mirzəzadə qeyd edib ki, büdcədən hər il sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsaitin 10 milyon manat artırılması elə də yüksək məbləğ deyil: "Bununla insanların mənzil problemi həllini tapmır. Hesab edirəm ki, mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə vergi müvəqqəti ləğv edilməlidir. Problem həllini tapdıqdan sonra vergi bərpa edilə bilər".
YAP-çı deputat Bakıda binaların tikilməsinin tənzimlənməsi ilə bağlı da fikir səsləndirib. "Bakıda binaların tikilməsi ilə bağlı "qırmızı cizgi" müəyyənləşməlidir və həmin binalar o cizgi çərçivəsində tikilməlidir. Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilməlidir. Bu qanunda paytaxtda tikinti sahəsində müəyyən normaların müəyyənləşdirilməsi əksini tapmalıdır. Bakının mərkəzində hündür mərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olur. Şəhərin mərkəzi ilə bağlı qırmızı dairə müəyyənləşə bilər. Bu dairədə hündür mərtəbəli binaların inşası qadağan oluna bilər və ya mərkəzdə tikiləcək binaların sayı və mərtəbələrinin sayını göstərmək olar. Hesab edirəm ki, bizim bu sahədə təcrübəmiz var. Biz necə ki, İçəri şəhəri qoruyuruq, şəhərin mərkəzi ilə də bağlı da belə addım ata bilərik".
Bundan başqa, millət vəkili hesab edir ki, Bakıda avtodayanacaqların sayı artırılmalıdır. O şəhərin sıx olan yerlərində avtodayanacaqların inşası üçün vergi güzəştlərinin tətbiq olunmasını da təklif edib.