“Nazirin yanına on dəfə adam göndərmişəm” Hadisə

“Nazirin yanına on dəfə adam göndərmişəm”

Oqtay Əsədov: "Nəyi razılaşdırmaq mümkündürsə alınıb..."

Milli Məclisin sədri Oqtay Əsədov bu gün davam edən büdcə layihəsinin müzakirəsi zamanı deputatları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb.
Spiker deyib ki, müzakirələr başlayandan bəri 54 deputat çıxış edib: "Mən indiyəcən dünyanın heç yerində büdcədən hamının razı qalmasına rast gəlməmişəm. Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir-iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənir. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd hökumətə, ardınca prezidentə göndərilir və razılaşdırılmış, balanslaşdırılmış büdcə layihəsi parlamentə daxil olur.
Özünü tərifləmək olmasın, şəxsən mən maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adamları göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırmaqla bağlı təklifi düzgün deyil. Deputatlar da bu məsələdə diqqətli olsunlar".