Krasnoyarskda öldürülən azərbaycanlı biznesmenin kimliyi məlum olub Hadisə

Krasnoyarskda öldürülən azərbaycanlı biznesmenin kimliyi məlum olub

Rusiya Federasiyası Krasnoyarsk diyarının Şuşensk rayonunda qətlə yetirilən azərbaycanlı biznesmenin kimliyi açıqlanıb.
Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya açıqlamasında bildirib ki, mərhumun meyiti Azərbaycana göndərilib. Onun sözlərinə görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Şuşensk rayonu üzrə bölməsindən onlara daxil olan rəsmi məlumatda bildirilir ki, qətlə yetirilən şəxs 25 dekabr 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, əslən Ağcabədi rayonundan olan diaspor üzvü Məmmədov Rafiq Oqtay oğludur. Xeyli müddətdir Krasnoyarsk diyarının Minusinsk şəhərində yaşayan R.Məmmədov biznes fəaliyyəti ilə məşğul olurmuş. Onun bir dəfə biznes mübahisəsinə görə məhkumluğu da olub. R.Məmmədovun meyiti bu gün Moskva vasitəsilə Azərbaycana gətirilib və doğulduğu rayonda dəfn olunacaq. Onun qətlə yetirilməsi ilə əlaqədar olaraq artıq iki nəfər saxlanılıb və istintaqa təhvil verilib. Qeyd edək ki, R.Məmmədov üç gün əvvəl qətlə yetirilib. Şuşensk şəhər sakini olan bir yerli qadın ona 40 min rubl borclu olub. Borcu almaq üçün mərhum Şuşensk rayonuna gəlib. Qadın evdə olmayıb. O, sanatoriyaya getdiyi üçün uşaqlarına və evinə baxmağı Tuvadan çağırdığı qardaşlarına həvalə edibmiş. İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar. Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb.