ABŞ səfirliyinin nümayəndələri BAMF-da olub Hadisə

ABŞ səfirliyinin nümayəndələri BAMF-da olub

Başda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin İctimaiyyət İşləri üzrə Müşaviri Stefan Qays olmaqla səfirliyin nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində olublar. Qonaqları qəbul edən BAMF sədri Umud Rəhimoğlu onlara BAMF-ın yaranması və fəaliyyətindən danışıb, son illər həyata keçirdikləri layihələr barədə geniş məlumat verib.
BAMF-ın həyata keçirdiyi humanitar fəaliyyət ABŞ səfirliyinin nümayəndə heyətində çox böyük təəssürat yaradıb və onlar məcburi köçkün qadınların vətəndaş cəmiyyətində iştirakı, həssas icmalara peşə təlimi və insan alveri kimi sahələrlə bağlı gələcək regional layihələr üçün mümkün əməkdaşlığa maraq ifadə ediblər.
Bununla yanaşı BAMF-ın sədri Umud Rəhimoğlu qonaqları maraqlandıran qanunvericilikdə QHT-lərin fəaliyyətləri ilə bağlı edilmiş yeni dəyişikliklər ilə əlaqədar məsələyə aydınlıq gətirib. BAMF-ın sədri qanunvericilikdə QHT-lərlə bağlı edilmiş yeni dəyişiklər ölkə rəhbərliyi tərəfindən vətəndaş cəmiyyəti qurumlarının inkişafına yönəlmiş bir siyasət olduğunu bildirib və qeyd edib ki, bu amilin təşkilatın fəaliyyətinə mənfi təsir göstərəcəyini düşünmür. Çünki BAMF təşkilat olaraq hər zaman həyata keçirdiyi layihələrin qeydiyyatı və digər zəruri prosedurlarını tam olaraq qanuna müvafiq formada həyata keçirib.
Görüşdə yeni ildə hər iki tərəf üçün maraqlı olan müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsini müzakirə ediblər.
Qeyd edək ki, bir müddət əvvvəl ABŞ Dövlət Departamentinin nümayəndələri də BAMF-da olub və BAMF hazırda ABŞ Dövlət Departamentinin dəstəyi ilə "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və İcma Əsaslı Təşkilatların gücləndirilməsi" layihəsini həyata keçirir.
Xatırladaq ki, BAMF 2007-ci ildən başlayaraq ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir.