“GUAM yeni reallıqlardan yararlana bilər” Hadisə

“GUAM yeni reallıqlardan yararlana bilər”

“Münaqişələr, uzun sürən xarici işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Məmnuniyyətlə Şuraya bildirmək istərdim ki, Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatıb”.
XİN-dən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan, 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa edib: “Birləşmiş Millətlərin əsas orqanları tərəfindən qəbul edilmiş qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur”.
Nazir vurğulayıb ki, Azərbaycan öz suveren ərazisində hərəkət etmiş və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb: “Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə etmişdir.
Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut etmişdir.
Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanlının yaşadığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerlə yeksan edilmişdir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisinə məxsus evləri, məktəbləri və digər ictimai infrastrukturu qəsdən və heç bir fərq qoymadan dağıtmışlar. Meşələr yandırılmış, ətraf mühitə bərpaolunmayan zərər vurulmuşdur. Dini abidələr talan edilmişdir. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb edilməlidir.
Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər.
İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan yararlana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün ayrı-ayrı GUAM üzv dövlətləri də daxil olmaqla tərəfdaşları ilə işləməyə hazırdır”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdaşlarını müxtəlif imkanlarla təmin edir.
O bildirib ki, Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraitə malik olan Ələt azad iqtisadi zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, habelə Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yollarının inkişafına praktik töhfəsini davam etdirir.
“İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik Boru Kəməri kommersiya əməliyyatlarına başlamışdır. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır. Bölgə ölkələrini bir araya gətirən və ortaq firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyimiz maraq və potensialın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlığa da hazırıq. Biz, beynəlxalq öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi ilə bağlı olan öhdəliklərə yalnız ortaq təəhhüd və tam əməl etməklə dinc, firavan və sabit gələcəyə nail ola bilərik”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.
Ceyhun Bayramov üzv dövlətlərə və GUAM Katibliyinə çətin anlarda səmərəli fəaliyyətlərinə görə bir daha təşəkkür etmək edib: "Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir. Bununla əlaqədar olaraq, yeni Sədrə GUAM çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səmərəli iş arzulayıram”.
Nazirin sözlərinə görə, GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır: “Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur”.
O qeyd edib ki, müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilmişdir: “GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanmışdır. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir”.