KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edildi Hadisə

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edildi

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda 2015-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı və cari məsələlər müzakirə olunub. Birinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli KİV layihələrinə maliyyə yardımının ayrılması ilə bağlı mövcud qaydaların olduğu kimi saxlanılmasını, müsabiqənin dekabrın 15-dən 25-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsini təklif edib.
Sonda məsələ ətrafında müzakirələr aparılıb. Fondun Müşahidə Şurası üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hümbətov çıxış edərək KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə qaydalarının olduğu kimi saxlanılması təklifini dəstəkləyiblər. Müzakirələrin yekunu olaraq müsabiqə qaydalarının əvvəl kimi saxlanılması, müsabiqənin dekabrın 15-dən 25-dək keçirilməsi barədə qərar qəbul edilib.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

ELAN
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb:
1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4. İctimai və dövlət maraqlarının müdafiəsi.
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği.
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
16. Elm və təhsilin inkişaf etdirilməsi.
17. Ekologiya və ətraf mühitin mühafizəsi.
18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
-Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər dekabr ayının 15-dən 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir..
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Arial 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək olar
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə
Azərbaycan Mətbuat Evi 3-cü mərtəbə
Telefon: 537 19 45; 537 19 41
[email protected], [email protected]
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.