Ürək-damar xəstəlikləri Hadisə

Ürək-damar xəstəlikləri

Qəfləti ölümlərin əsas səbəbi ürək xəstəlikləridir

Dövrün problemləri insan ürəyindən yan keçməyib. Kütləvi İnformasiya Vasitələrində tez-tez kiminsə ürək çatışmazlığından dünyasını dəyişdiyi haqda xəbərlər dərc edilir. Ekspertlər bildirir ki, ürək çatışmazlığı və ürək-damar xəstəlikləri bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ona görə də bunun həm diaqnostikası, həm müalicəsi, həm də profilaktikası ilə bağlı müzakirələr son bir neçə onillikdir öz aktuallığını itirmir.
Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir. Ürək qanın orqanizm boyu dövr etməsini təmin edir. Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir. Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər. Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəliklərin nəticəsində uzun müddət ərzində inkişaf edir. Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir. Kəskin ürək çatışmazlığının səbəbi miokard infarktı, ağ ciyərlərdə tromb, güclü allergik reaksiya, ağır infeksiya və s. ola bilər. Xroniki ürək çatışmazlığı zamanı simptomlar uzun müddət ərzində inkişaf edir və vaxt keçdikcə güclənir. Əvvəllər bu simptomlar yalnız fiziki gərginlik zamanı, daha sonra isə hətta istirahət zamanı meydana çıxır.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, ürək-damar xəstəliklərindən itirilən xəstələrin sayı onkoloji xəstəliklərdən itirilən xəstələrin sayından iki qat yaxın çoxdur. Yəni ürək-damar xəstəlikləri mənfi mənada ən yaxın rəqibindən iki dəfə qabaqda gedir. Niyə belədir? Çünki ürək-qan-damar sistemi insan orqanizminin ən mərkəzi orqanı, sistemidir. Və burda olan problemlər məhz insanların yaşlanmasına, ölümünə səbəb olur.
Kardiocərrah Kamran Musayev deyir ki, "ürək həyatdır. İnsanlar ürəklərinin sağlam olduğu, o yaşaya bildiyi vaxta qədər yaşayırlar. Ürək dayandığı zaman həyat da dayanır". Kardiocərrah qəfləti ölümlərin ən əsas səbəbinin ürək xəstəlikləri olduğunu deyir: "Onların içində isə ən çox tac arteriyalarının tutulması qəfləti ölümə səbəb olur. Həmin ana qədər heç bir ürək şikayəti olmayan insan bir neçə dəqiqənin içində itirilə bilər. Təəssüf ki, biz hər gün bu cür praktika ilə qarşılaşırıq. Ürəyin üç əsas tac damarından birində də daralma olanda bu, insanın infarkt keçirməsinə, ölməsinə gətirib çıxara bilər. İnfarktların yarısı tutulmuş damarlar nəticəsində əmələ gəlir. Qəfləti ölüm də daxil olmaqla ürək xəstəliklərinin bir qrupunda - 20-25 faizində o günə qədər ciddi bir şikayət olmaya bilər. Amma yerdə qalan 75-80 faiz xəstədə ciddi ürək şikayətləri olur. Bəs bu şikayətlər nələrdir? Ürək-damar tıxanıqlığının, tutulmalarının ilkin əlaməti sinədə ağrıdır - tam döş sümüyünün arxasında, xalq arasında "sinə taxtası" deyilən bir yerdə olan ağrı. O ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər.
Bu ağrılar klassik olaraq ya fiziki iş görəndə, ya ağır yemək yeyəndən, ağır fiziki yüklənmədən sonra ortaya çıxır. Xəstəlik daha da irəliləyəndə xəstələr oturaq vəziyyətdə olanda, istirahət edən zamanlarda da ağrılar ortaya çıxır. Daha da irəliləyən məqamlarda isə miokard infarktına, ürək infarktına, ölümə səbəb ola bilir. Təəssüf ki, gündəlik praktikada belə hallara tez-tez rast gəlinir. Mənim əməliyyat etdiyim xəstələr arasında infarkt keçirməyən insan demək olar ki, yox dərəcəsində azdır. Çox təəssüf ki, belədir. Biz çox istəyirik ki, ürək problemlərinin müalicəsini xəstələr infarkt keçirmədən aparaq. Çünki infarktdan öncə müalicə aparmaq xəstələrin xeyrinədir. Ürək əzələsinin müəyyən hissəsi infarkt nəticəsində ölür və ölmüş zonanı, hüceyrələri biz heç bir metodla geri qaytara bilmirik. Ona görə də insanlar öz həyatlarına daha məsuliyyətlə yanaşmalı, bu şikayətlərin başlanğıc mərhələsində mütləq ürək həkimlərinə müraciət etməlidirlər. Bu gün həmin xəstəliklərin vaxtında diaqnozunun qoyulması üçün əlimizdə bütün imkanlar mövcuddur".
Kardioloq deyir ki, ürək-damar xəstəliyi xroniki bir xəstəlikdir və tam müalicəsi mümkün deyil. Aparılan müəlicə yalnız xəstəliyin gedişatının yavaşlatmaq üçündür: "Amma əgər bir insanın ürəyində, damarında bir problem ortaya çıxıbsa, bu o deməkdir ki, bu insan ömrünün axırına qədər bu problemlə birgə yaşayacaq. Bizim bir çox insanlarımız hələ də "ürək damarlarımda problem vardı, filan yaxşı həkim var, müalicə yazdı, sağaldım", yaxud da "qan təzyiqim vardı, sağ olsun, filan həkim müalicə elədi artıq təzyiqim yüksəlmir", deyirlər. Belə bir şey yoxdur. Bir insana ürək-damar tutulması, hipertoniya diaqnozu qoyulubsa, o insan ömrünün sonuna qədər həmin diaqnozla yaşayır. Çünki bugünkü təbabət bu xəstəlikləri tamamən aradan qaldırıb müalicə etmək səviyyəsində deyil".
Həkim deyir ki, bu gün qadınlarla müqayisədə kişilərin ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir: "Qadınlarda bu proses menopauzaya qədər normal davam edir, yəni qadın hormonları qadınları ürək-damar xəstəliyindən qoruyur. Amma bu dövrdən sonra qadınların da bu xəstəliyə tutulma riski artır və kişilərlə bərabərləşir. Lakin səbəb təkcə bu deyil. Son vaxtlar xüsusilə gənc xanımlar arasında siqaret çəkmək kimi pis vərdişlər xəstəliyin gəncləşməsinə səbəb olan amillərdən biridir. Ancaq məsələ təkcə siqaretlə bitmir. Sənayeləşmənin gətirdiyi ziyan, yəni həyatımızın bir hissəsinə çevrilən hazır yeməklər, yağlı milli yeməklərimiz, zaman məhdudluğu, stress, gərgin iş qrafiki - bir sözlə bunların hamısı ürəyi sıradan çıxarır. Sağlam olmaq üçün cüzi dəyişikliklərlə ürəyinizi qoruya bilərsiniz. Siqaretdən əl çəkin. Hər gün ən az yarım saat sadə yürüş də olsa, fiziki aktivlik göstərin".
Kəskin ürək çatışmazlığının əsas klinik əlamətləri kardiogen şok, kardial astma (ağciyərlərin interstisial ödemi), ağciyərlərin alveolyar ödemidir. Ağciyər ödeminin 2 forması ayırd edilir: interstisial (kardial astma) və alveolyar. Kardial astmada peribronxial və perivaskulyar sahələrin seroz maye infiltrasiyası qeyd olunur ki, bu da ağciyərdə damar və bronxial müqavimətin artmasına səbəb olaraq mübadilə prosesini pisləşdirir.
Sol mədəcik çatışmazlığı (aortal qüsurlar, sol mədəciyin anevrizması, diffuz kardioskleroz, miokard infarktı) ilə əlaqədar olaraq, kiçik qan dövranında hidrostatik təzyiqin, son diastolik həcmin və təzyiqin artması müşahidə olunur. Beləliklə, kiçik qan dövranında qanın retroqrad durğunluğu, təzyiqin artması əmələ gəlir. Əgər təzyiq 30 mm c.sut-dan yüksəkdirsə, onda ağciyər alveollarına plazma daxil olmağa başlayır. Sol atriovetrikulyar dəliyin kəskin daralmasında bütün qan sol mədəciyə daxil ola bilmir və sol qulaqcıq boşluğunda və kiçik qan dövranında ləngiyir. Simpatoadrenal sistemin fəallaşmasına gıtirib çıxaran emosional və fiziki yüklənmə, sol atrioventrikulyar dəliyin keçiricilik qabiliyyətinin zəifləməsi sağ mədəciyin nasos funksiyasının artmasına səbəb olur. Bu da kiçik qan dövranında qan axınının artmasını və təzyiqin yüksəlməsini, ağciyər ödeminin inkişafını meydana çıxarır.
Ürək tutması çox vaxt gecə baş verir. Ağır boğulma tutması ilə xarakterizə olunur. Xəstə qorxu hissi keçirir, məcburi vəziyyət alır (ortopnoe), xəstənin üzü bozumtul-göyə çalır, avazımış akrosianoz müşahidə olunur. Dəri örtüyü nəm, soyuq olur. Perkussiyada qutu səsi, ağciyərlərin aşağı şöbələrində durğunluqla əlaqədar kütləşmə qeyd edilir. Ağciyərlərin auskultasiyasında tənəffüs küylüdür, bronxların selikli qişasının ödemliliyini təsdiq edən quru xırıltılar eşidilir. Bəzi hallarda kardial və bronxial astmanın müqayisəli diaqnostikasını aparmaq lazımdır. Ürəyin hüdudları böyümüşdür, lakin çox vaxt ağciyər emfizeması ilə əlaqədar təyin edilmir. Taxikardiya qeyd olunur, çapam ritmi, nəbzin növbələşməsi mümkündür. Ağciyər arteriyası üzərində II ton güclənmiş və ikiləşmişdir. Auskultasiyada ürək küylərinin mənzərəsi ürəyin qapaq aparatının zədələnməsi üçün xarakterikdir. Arterial təzyiq geniş hüdudlarda dəyişə bilər. Mərkəzi venoz təzyiq çox vaxt artır. R-qramda tez-tez payarası arakəsmələrin ödemliliyini əks etdirən yerli arakəsmə xətləri, ağciyər şəklinin güclənməsi aşkar olunur, ağciyər kökləri sturukturunu itirir, əsas bronxların mənfəzləri diferensiasiya olunur, payarası yarıq üzrə qalınlaşma qeyd olunur. EKQ-də bir sıra hallarda sol mədəciyin hiperfunksiyası təyin edilir.
Ağciyərlərin kəskin alveolyar ödemi kəskin ürək çatışmazlığının daha ağır formasıdır. Bəzi hallarda kardial astma bu formaya keçir, digər hallarda o birbaşa inkişaf edir. Yuxarıda təsvir olnunan simptomlarla yanaşı, xəstədə çox vaxt uzaq məsafədən eşidilən xışıltılar qeyd olunur. Tez-tez qan lifləri olan köpüklü, bəlğəmli öskürək xəstəni narahat edir. Ağciyərlərdə müxtəlif kalibrli yaş xırıltılar eşidilir. Ağciyərlərin alveolyar ödeminin kəskin başlanan mənzərəsi o qədər aydın olur ki, əksər hallarda diaqnostika çətinlik törətmir.
Ürək xəstələrində doğru qidalanma çox əhəmiyyətlidir. Bunun üçün yemək miqdarını azaltmaq lazımdır. Xəstəyə sulu qidalar təklif edilir. Çünki qatı qidaların həzmi daha uzun sürür və bu qidalar ürəyin yükünü artırır. Bu səbəbdən qidalar yaxşı çeynənməli və lazım olandan çox yemək olmaz. Yağ və duz alışını da əhəmiyyətli miqdarda azaltmaq lazımdır. Duz, bədəndə su tutumunu artırdığı üçün bədəndəki şişliyin azalmasını mane olur. Əgər duz az alınsa sidiklə su atımı artar və beləcə şişlik (şiş) azalar. Beləcə ürəyin yükü azalar.
Müalicənin müvəffəqiyyətli olması üçün xəstə mütləq siqareti atmalıdır. Çünki siqaret ürək əzələsinə oksigen getməsini mane olur və əzələ toxuması bəslənə bilmir. Ürək çatmazlığı olan xəstələr istirahət etmək məcburiyyətindədir və ağır güc tələb edən yorucu işlərdən uzaq dayanmaları lazımdır. Amma necə ki, hərəkətsiz həyat sürən bir insan güc itkisi yaşayırsa, ürək əzələsi də güc itirir. Bunu önləmək üçün həkim nəzarətində məşq proqramı tətbiq olunmalıdır.

Ülviyyə Tahirqızı