İxtisassız əcnəbi kadrların əmək bazarında iştirakının qarşısı alınacaq Hadisə

İxtisassız əcnəbi kadrların əmək bazarında iştirakının qarşısı alınacaq

Milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması üçün təkliflər hazırlanmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılmasına dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.