“Bu il media aləmində yadda qalacaq 2 ən böyük hadisə baş verib” Hadisə

“Bu il media aləmində yadda qalacaq 2 ən böyük hadisə baş verib”

Cavanşir Feyziyev: "Bu hadisələrdən biri müsbət, biri mənfidir"

"Bu il media aləmində yadda qalacaq 2 ən böyük hadisə baş verib. Bu hadisələrdən biri müsbət, biri mənfidir". Bunu Azərbaycan mediasının 2014-cü ildə yaddaqalan hadisələrini dəyərləndirən Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib. O, bildirib ki, bu il Azərbaycan mediası Şirməmməd Hüseynovun 90 yaşını qeyd edib: "Bu gün media deyəndə Şirməmməd Hüseynov gözümüzün qabağına gəlir. Media işçiləri Şirməmməd müəllimin 90 yaşını qeyd etdi və bu, hər kəs üçün xoş oldu".
Cavanşir Feyziyev yay aylarında cəbhə bölgəsində baş verən hadisələrdə kütləvi informasiya vasitələrinin fəaliyyətinin, reaksiyasının gözlənilməz olduğunu deyib:
"Cəbhədə vəziyyət gərginləşəndə, medianın bu hadisələrə ifrat dərəcədə varması həm əhali, həm də media nümayəndələri tərəfindən kəskin etirazlarla, tənqidlərlə qarşılandı. Bu iki hadisə 2014-cü il media aləmində ciddi rezonans yaradıb".
O, qeyd edib ki, medianın bu hadisələrə münasibəti xoşagəlməz hal sayılsa da, bir növ bununla jurnalistlər sınaqdan keçdi və anladılar ki, onların belə reaksiyaları sonradan mənfi nəticələrə səbəb ola bilər.
Cavanşir Feyziyev 2014-cü ildə jurnalistlərin fərdi uğurlarının olduğunu da qeyd edib. Deputat ümid edir ki, 2015-ci ildə KİV-lərdə bəzi xoşagəlməz hadisələrlə üzləşməyəcəklər.

Əli