Söyün Sadıqova qarşı qiyam Hadisə

Söyün Sadıqova qarşı qiyam

"Azərros"un bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib

Rusiyada fəaliyyət göstərən "Azərros" Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib.
APA-nın məlumatına görə, qurultaya hazırlıq işlər ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə "Azərros"un Federal Şurasının sədri Mehriban Sadıqova və "Azərros"un prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub.
Qeyd olunub ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq "Azərros"un fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra "Azərros"un 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb: "Təəssüf ki, artıq azərbaycanlıların əksəriyyəti təşkilatımızı tanıya bilmirlər, bir çoxları isə onun haqqında eşitmək belə istəmirlər. Bizi tədbirlərə dəvət etmirlər, qapımızı açmırlar. Bu, quruma rəhbərlik edən şəxsin uğursuz siyasətinin və fəaliyyətsizliyinin nəticəsidir. Fikrimizcə, o, təşkilatımızı dağıtmaqla məşğuldur. Öz işçilərinin yanında azərbaycanlıların üstündən tankla keçəcəyini deyən, bütövlükdə millətin ünvanına ədəbsiz ifadələr işlədən adam haqqında hansı rəy formalaşa bilər? Moskva hökumətində keçirilən konfransda kimsə Dağlıq Qarabağ münaqişəsi və Xocalı hadisələrindən danışmaq istəyəndə, hamını susduran insan hansı millətin nümayəndəsidir? Əgər o, Kazandakı forumda Azərbaycanın xəritəsi Qarabağ və işğal altında olan 7 rayonsuz nümayiş etdirilərkən susursa və hətta buna etiraz edənlərə maneçilik törədirsə, onu "Azərros"un prezidenti adlandırmaq olarmı? Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətindəki general dostlar ilə hamını hədələyən insanla tribunadan normal dialoq aparmaq olarmı?".
Məktubda A. Məhərrəmovun "Azərros"u dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə "Azərros"un bütün arxivinin məhv edildiyi qeyd olunub.
Qeyd edək ki, "Azərros"a əvvəllər Söyün Sadıqov rəhbərlik edib. Daha sonra isə S. Sadıqov təşkilat rəhbərliyindən istefa verib. Təşkilatın Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov, qurumun sədri vəzifəsinə isə Asif Məhərrəmov seçilib.