İctimai Dəfn Komissiyası xalqın iradəsinin ifadəçisi idi Hadisə

İctimai Dəfn Komissiyası xalqın iradəsinin ifadəçisi idi

20 YANVAR faciəsindən 25 il, yaxud 9131 gün keçir...

1990-cı ilin yanvar ayının şaxtalı şənbə gecəsində öz müstəqilliyinin bərpası uğrunda dinc yollarla mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı qərəzkarlıqla düşünüb hazırlanmış və amansızlıqla törədilmiş faciədən 25 il, yaxud 9131 gün keçir...
Hələ çox illər, qərinələr, əsrlər keçəcək, lakin milli oyanış və istiqlal mübarizəmizin yeni bir mərhələsi olmuş 20 Yanvar hadisələri, unudulmaz şəhidlərimizin qanı ilə yazılmış nikbin faciə kimi həmişə xatırlanacaq.
Qanlı Yanvar zorakılıq üzərində qurulmuş ədalətsiz ictimai-siyasi, səmərəsiz sosial-iqtisadi, simasızlaşdırılmış və uydurulmuş mənəvi-əxlaqi dəyərlər sisteminin, əmrlə idarə olunan "şər imperiyası" inzibati-amirlik ədalarının rüsvayçı ifşasının ilahi xəbərdarlığı idi.
Ötən yüzilin 80-ci illərindən tədricən formalaşaraq, getdikcə mütəşəkkil qüvvəyə çevrilmiş və beynəlxalq ictimaiyyət tərəfindən "ən mübariz xalqın" azadlıq hərəkatı kimi səciyyələndirilən proseslər sübut etdi ki, bolşevik rejiminin 70 illik əsarəti, millətimizin müxtəlif nəsillərinin aşkar-gizli formalarda apardığı mübarizə ideallarını zəiflətməyib, onun "Bir kərə yüksələn bayraq bir daha enməz" vəsiyyətinə ümidlərini sarsıtmayıb.
Xalq inamı və müdrikliyi, "Hakimiyyətin mənbəyi xalqdır" hikməti öz gücünü Qanlı Yanvar hadisələrinin ilk anlarından qabarıq şəkildə göstərdi. İşıqları söndürülmüş Bakıda tank və avtomatgların atəşi altında insanların bir-birinə qovuşması, yaralıları xəstəxanalara çatdırmaları, onlara qan vermələri, hərbçilərin hərəkətləri barədə xəbərdarlıqları, burada baş verənlər barədə müxtəlif yerlərə məlumatlar göndərmələri, səhəri diri gözlə açan insanların həmrəyliyinə, baş vermiş faciəyə qarşı birgə durmaq səylərinə heyran olmamaq mümkün deyildi. Mərkəzin qəddarlığı və yerli rəhbərliyin itaətkarlıq şərəfsizliyinə qarşı formalaşan ümumxalq birliyi, dinc mili müqavimət hərəkatı, onun düşünülmüş, habelə həyata keçirilməsi nəzərdə tutulmuş fitnəkarlıqlara uymaması, yaranmış vəziyyəti daha da gərginləşdirə biləcək radikal qüvvələrin ardınca getməməsi, şübhəsiz, göz yaşlarını qəlbinə axıdan nifrət-qəzəb potensialını gələcək mübarizəyə səfərbər etməyə hazırlaşan millətimizin ilahi səbrinin, böyük uzaqgörənliyinin, ata-baba müdrikliyinin sınanmış məntiqi nəticəsi idi.
Bu baxımdan yanvarın 20-də səhər tezdən keçmiş Mərkəzi Komitənin binası qarşısında tankların gurultusu, vertolyotların uğultusu, uzaqdan eşidilən güllə səsləri, hərbçilərin əhatəsi, ana-bacıların hönkürtüsü, bəzilərinin bayılması, həkim çağırışları, qəzəbli insanların əsəbi narahatlığı, yandırılan partiya biletlərinin boğuq tüstüsü, intiqama çağıran bağırtılar, nifrətlə sıxılmış yumruqlar, şəhərin müxtəlif yerlərindən gələn yeni itkilər haqqında xəbərlərin doğurduğu hay-küy şəraitində hamını qane edəcək bir qərara gəlmək olduqca çətin idi.
... Xatırlayıram, R.Qazıyev, N.Pənahov, S.Rüstəmxanlı, A.Nəbiyev, X.Xəlilov, N.Əliyev, İ.İncəli, X.Muxtarov və başqalarının mübahisəli məsləhətləşmələrindən sonra razılaşdırılmış mövqeyimizi mitinq iştirakçılarına çatdırmağı nisbətən yaşlı adam, beynəlxalq icmalçı kimi mənə çatdırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini və gələcək nəsillər qarşısındakı məsuliyyətimizi dərk edərək ilk növbədə dini-milli borcumuz olan Şəhidlərin dəfni barəsində düşünməyin zəruriliyini mitinq iştirakçılarının diqqətinə çatdırdım...
Meydana dərin bir sükut çökdü... "Sizlərə məlumat verirəm ki, müəyyən məsləhətləşmələrdən sonra Şəhidlərimizin şəhərin Dağüstü parkında, 1918-ci ilin mart qırğını qurbanlarının dəfn olunduğu keçmiş Çəmbərəkənd qəbristanlığında torpağa tapşırılması razılaşdırılıb..."
Mən susdum. Mitinq iştirakçıları yumruqlarını yuxarı qaldırdılar və meydanda boğuq bir razılıq uğultusu eşidildi. Mən bu məlumatı təkrar etdim və mitinq iştirakçılarının cavab reaksiyası daha qətiyyətlə səsləndi. "Vaxtı itirmək olmaz. Kim könüllü surətdə bu savab və müqəddəs işdə iştirak etmək istəyirsə, sağ tərəfimdəki, sizdən sol tərəfdəki saatın yanına toplaşsın... Mitinq davam edir. Əlavə məlumat veriləcək".
Ciddi əngəl və maneələrə, risk və çətinliklərə baxmayaraq, snayperlərin hədəfində, hərbçilərin əhatəsində, onların təhqir və hədə-qorxuları altında yanvarın 20-21-də 120 qəbir qazılıb dəfn üçün hazırlandı. Yanvarın 22-də milyondan artıq adamın Azadlıq meydanında başlanan dəfn mərasimi Şəhidlər Xiyabanında başa çatdıqdan sonrakı 40 gün ərzində hadisələrin ağırlıq mərkəzi buraya keçdi.
Şəhidlər Xiyabanında həyata keçirilən tədbirlərin həcmini və əhatəliyini nəzərə alaraq müəyyən məsləhətləşmələrdən, habelə hər gün buraya ziyarətə gələnlərin tövsiyələrinə uyğun olaraq dəfn komissiyasının tərkibinin genişləndirilməsi, onun fəaliyyətinin 40 gün ərzində davam etdirilməsi məqsədəuyğun sayıldı. Tarixi yaddaş və ədalət naminə o günlərdə böyük bir məsuliyyəti üzərinə götürərək xalqın iradəsini yerinə yetirən, eyni zamanda onun nəzarəti altında fəaliyyət göstərmiş İctimai Dəfn Komissiyası üzvlərinin adını indiki, habelə gələcək nəsillərə çatdırmağı özümə borc bilirəm: Hacı Allahşükür Paşazadə, Azər Nəbiyev, Xalid Muxtarov, Bağır Bağırov, Xəliyəddin Xəlilov, Nəriman Əliyev, Rəhim Qasımov, İsmayıl İncəli, Malik Mehdiyev, İbrahim Əliyev.
İctimai Dəfn Komissiyasının köməmçilər dəstəsinin işinə Etibar Səmədov və Rüstəm Xalidov başçılıq etmişlər. Onların arasında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri – fəhlə, qulluqçu, ziyalı, din xadimi, sürücü, tələbə və başqaları təmsil olunmuşdular.
Fövqəladə vəziyyət və onun yaratdığı obyektiv-subyektiv xarakterli çətinliklər şəraitində, nisbətən sərbəst toplaşmaq yeri sayılan Şəhidlər Xiyabanı ərazisində fəaliyyət göstərmiş İctimai Dəfn Komissiyası təkcə Şəhidləri son mənzilə yola salmaq, yaxud 40 gündə buraya gəlmiş 22 milyon insan axınını idarə etməklə məhdudlaşmamışdı. Xalqın və könüllü köməkçilər qrupunun fədakarlığı sayəsində burada siyasi-ictimai, sosial-iqtisadi, mənəvi-əxlaqi istiqamətlərdə o günlər üçün çox vacib sayılan işlər görülmüşdü.
Həmin fəaliyyət çərçivəsində ilk növbədə yaranmış mürəkkəb şəraitdə dinc müqavimət taktikasına üstünlük verərək, radikal və sərt addımlar atmamaq zəruriliyinin təbliğ edilməsi, hərbçilərlə qarşıdurmadan çəkinərək yeni fitnəkarlıqlara imkan yaradılmasının yolverilməz olduğu vacibliyinin xalqa çatdırılması, "sapı özümüzdən baltaların" ifşa olunması və ziyarətə gələnlərin təhlükəsizliyi ideyası İctimai Dəfn Komissiyasının işinin əsas istiqamətlərini təşkil etmişdi.
Eyni zamanda müxtəlif peşə və sənət sahibi olan insanların könülü köməyi ilə həlak olanların, yaralananların siyahısl dəqiqləşdirilmiş, şəhid ailələrinə maddi kömək göstərilməsi təşkil olunmuş, xəstəxanalardakılara maddi-mənəvi yardım göstərilmiş, həbs olunanlar haqqında məlumatlar ümumiləşdirilərək onların azad edilməsi üçün imzalar toplanmış, dünyanın müxtəlif ölkələrindən gəlmiş KİV üzvləri qarşılanmış, onlara baş verən hadisələr haqqında faktlar çatdırılmış, müsahibələr verilmiş, Şəhidlər Xiyabanında din xadimlərinin, başqa yerlərdən gəlmiş nümayəndələrin, ziyalıların, şairlərin çıxışları olmuş, matəmə batmış insanlarda milli azadlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsi, müstəqillik uğrunda mübarizənin hökmən davam etdirilərək qələbə ilə başa çatacağı inamı formalaşdırılmışdı.
Şəhidlər Xiyabanında böyük mütəşəkkilllik və izdihamla keçirilən cümə axşamları, xüsusilə 40 gün mərasimində Bakıda fövqəladə vəziyyətin ləğv olunması, ordu hissələrinin respublika ərazisini tərk etməsi, Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpa olunması, Qanlı Yanvar qırğınını törədənlərin cəzalandırılması, xiyabanın ərazisinin əsaslı surətdə abadlaşdırılaraq milli ziyarət və ümumxalq and yerinə çevrilməsi, buraya xüsusi status verilməsi, Şəhidlərimizə möhtəşəm heykəl qoyulması, burada əbədi məşəl yandırılması kimi ciddi siyasi-ictimai, habelə sosial-iqtisadi tələblərin səslənməsi İctimai Dəfn Komissiyasının həqiqətən xalqın iradəsinin ifadəçisi olduğunu sübut edir.
İlk 42 gün və sonrakı illərdə Şəhidlər Xiyabanında həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin yüksək səviyyədə, xalqımızın şərəf-ləyaqətinə, mənəvi-əxlaqi dəyərlərinə uyğun təşkilində Vaqif, Gündüz, Rauf, Əbdül, İskəndər, Seyfulla, Adil, Fuad, Təfəkkür, Çingiz, Fərhad, Möhsün, İlham, Xəlil, Mehman, Cavanşir, Feyruz, Yaşar, Eldar, Üzeyir, Mötəbər, Rahib, Vasif, İxtiyar, Əli, Məhəmməd, Tamerlan kimi insanların gərgin əməyi, böyük səyləri, əvəzsiz xidmətləri unudulmazdır.
O çətin sınaq və milli həmrəylik günlərinin şahidi olmuş minlərlə vətəndaşdan biri kimi düşünürsən ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğal olunmuş torpaqlarımız beynəlxalq hüquq normaları və BMT-nin qətnamələrinin tələblərinə uyğun geri qaytarılmalı, ölkədə demokratik islahatlar xətti davam etdirilməli, cəmiyyətin sosial təbəqələşməsi prosesinin kəskinləşməsinə yol verilməməli, sivil iqtidar-müxalifət münasibətləri formalaşmalı, məmur özbaşınalığı, rüşvət və korrupsiya halları aradan qaldırılmalı, əhalinin həyat səviyyəsi göstəriciləri müasir orta dünya göstəricilərinə çatdırılmalıdır.
Bu məsuliyyətli sosial-iqtisadi yüksəliş yolu ilə dönmədən irəliləmək və qloballaşan dünyada ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmlətmək üçün milli and yerimizə çevrilmiş Şəhidlər Xiyabanının həm tarixi ibrət, həm zəruri vətəndaş həmrəyliyi simvolu, həm də bütün çətinliklərə qalib gəlməyin sarsılmaz ilham mənbəyi rolunu şair hamımıza ünvanlanmış çağırışında belə ifadə edib:

Şəhidlər Xiyabanına gedək,
Gedək anam, gedək bacım, qardaşım...
Gedək, bu, Şəhidlər qarşısında borcumuzdur, - deyə yox,
Gedək, bu, kədərimizdir;
Bu-iztirabımızdır, bu-qələbəmizdir, - deyə...
Gedək və təmizlənərək bu kədərin, dərdin odunda,
Atəşində bir-birimizə nifrətdən
Təmizlənərək saflaşaq, ülviləşək,
Oğul-qızlarımızın şəhid olduqları
Bu Yurd üçün, Torpaq üçün, Vətən üçün!

Bu milli qeyrət yüklü misralar təkcə işıqlı arzu olaraq qalmamalı, başı müsibətlər çəkmiş, əzilmiş, lakin diz çökməmiş, uzun mübarizə və böyük qurbanlar bahasına müstəqil dövlətçiliyini yenidən bərpa etmiş bir xalqın müqəddəs amalına, yaşayış-həyat tərzinə çevrilməlidir.

Qüdrət Əbdülsəlimzadə,
İctimai Dəfn Komissiyasının sədri