Naxçıvan Bölməsi cari ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabat verib Hadisə

Naxçıvan Bölməsi cari ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabat verib

AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı keçirilən hesabat iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqatların nəticələrindən danışıb.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, alim cari ilin göstəriciləri ilə ötən ilin müvafiq dövrünün göstəricilərini müqayisəli təhlil edib.

Sonra AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, hesabat dövründə Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 37 iş 24 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupu tərəfindən davam etdirilib. Cari ilin birinci rübündə bölmə əməkdaşlarının 3 monoqrafiyası, 2 kitabı, 108 elmi məqaləsi, 73 konfrans materialı olmaqla, 186 elmi əsəri çap olunub. Əsərlərdən 61-i xaricdə nəşr olunub, bir xəritə tərtib edilib. 9 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb, bunlardan 4-ü Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi məqalələrin 30-u xaricdə olmaqla, 97-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr olunub. Naxçıvan Bölməsinin humanitar və ictimai elmlər seriyası üzrə “Elmi əsərlər” jurnalının, həmçinin “Axtarışlar” jurnalının hər birinin bir nömrəsi çapdan çıxıb. Rüb ərzində 281 əsərə istinadlar qeydə alınıb, 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. 2 kitab, 1 monoqrafiya çapa hazırlanıb, 2 kitab, 2 monoqrafiya 236 məqalə çapa təqdim edilib. Hesabat dövründə AMEA Naxçıvan Bölməsində bir respublika, bir muxtar respublika, 6 bölmə səviyyəli elmi konfrans, 5 tədbir və 5 təqdimat keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər davam etdirilib, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Bu barədə danışan Orxan Bağırov bildirib ki, 3189 kvadratkilometr sahəni əhatə edən “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, gemorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Məruzədə elmi-kadrların hazırlanması məsələsinə də toxunulub. Qeyd olunub ki, bölmədə doktoranturaya və dissertantura qəbul keçirilib, doktorantura yolu ilə elmlər doktoru hazırlığına 2 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına 7 nəfər, elmlər doktoru hazırlığına isə 2 nəfər qəbul olub, onların tədqiqat mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib.

Hesabat dövründə AMEA Naxçıvan Bölməsi bir sıra ölkələrdən 20-dən çox elm və təhsil mərkəzi, eləcə də xarici ölkə alimləri ilə sıx elmi əlaqələrdə оlub, səmərəli əməkdaşlıq edib.

Diqqətə çatdırılıb ki, bölmə sədri, akademik İsmayıl Hacıyev “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı və Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanı ilə, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rzayev Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər. Əməkdaşlardan dosent Fizzə Məmmədova “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosent Günel Məmmədova isə Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib.

Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edərək qeyd və təkliflərini bildiriblər.