Dunning Kruger və narsistlər Hadisə

Dunning Kruger və narsistlər

Bertrand Russel: "Dünyanın problemi ağıllılar həmişə şübhə içində ikən axmaqların arsızca özlərindən əmin olmalarıdır"

Hamımız "qabiliyyət, və bacarığına" bələd olduğumuz insanların tez karyera qura bildiyinin və əziyyət çəkmədən yüksəyə ucaldığının şahidi olmuşuq. Biz etdiyi ən kiçik xidməti ən əhəmiyyətli iş kimi hamıya təqdim edən, başqalarını tapdamaq hesabına uğur əldə edən eqoist insanlar tanıyırıq. Biz bunu sadəcə insanın mənəviyyatı ilə izah etsək də, psixoloqlar belə düşünmürlər. Yəni hər iki kateqoriya insan əslində sadəcə psixoloji pozuntudan əziyyət çəkən kəslərdir.
Dunning-Kruger effekti və ya Dunning-Kruger sindromu Cornell Universitetinin iki psixoloqu Justin Kruger və David Dunningin müəyyənləşdirdiyi qeyri-obyektiv qavrayış prosesidir. Psixoloqlar "cahil cəsarəti" adını verdikləri bu sindroma görə 2000-ci ildə Nobel mükafatı alıblar. Sindromun əsas məzmununu qısaca belə ifadə etmək olar: "Həqiqi, gerçək biliyin əksinə olaraq cəhalət şəxsin özünə olan inamını artırır."
Araşdırmalar ortaya bu faktları çıxarıb: qabiliyyətsiz insanlar qabiliyyətsizliklərinin fərqində olmurlar. Qabiliyyətsiz insanlar "qabiliyyətlərini" şişirtməyə meyilli olurlar. Qabiliyyətsiz insanlar qabiliyyətli insanların uğurlarını görməkdə, anlamaqda acizdirlər. Qabiliyyətsiz insanlar təhsil və s. istənilən yolla özlərini inkişaf etdirdikləri zaman qabiliyyətsizliklərinin fərqinə varmağa başlayırlar.
Cornell Universitetinin əməkdaşları tələbələri tərtib etdikləri testdən keçirəndən sonra tələbələrin hər birinə "imtahan necə keçdi?" sualını veriblər. Bəlli olub ki, sualların 10 faizinə belə düzgün cavab verə bilməyən tələbələrin "özlərinə inamı" müdhişdir. Onları düşünürdülər ki, testlərin 70 faizini düzgün cavablandıırblar.
Sualların 90 faizindən çoxunu doğru cavablayanlar isə "ən təvazökar" tələbələr olub; onlar sualların yalnız 70 faizinə doğru cavab verdiklərini düşünüblər.
Bütün nəticələr təkrar-təkrar yoxlanılandan sonra Dunning-Kruger sindromu müəyyənləşdirilib: hər hansı bir işdə çox yaxşı olduğuna ürəkdən və şübhəsiz inanan qabiliyyətsiz, məziyyətsiz insan özünü və etdiklərini şişirtməkdən, tərifləməkdən, hər işdə özünü qabağa verməkdən və həqiqətdə yerinə yetirə bilməyəcəyi işlərin məsuliyyətini götürməkdən çəkinməz. Əksinə, bütün bunlara layiq olduğunu düşünər. Cahillik və həddini bilməmək’ qarışıqlığı məslək, sənət baxımından müthiş bir itələyici güc əmələ gətirir. ‘Əksiklik’ kariyera baxımından ‘bonusa’ dönüşür. Nəticədə, hər zaman və hər yerdə daha sürətli yüksəlirlər…
Bu arada, gerçəkdən bilgili və bacarıqlı insanlar iş həyatında ‘çox alçaqkönüllü, təvazökar` davranaraq önə çıxmaz, yüksək görəvlərə özlülüyündən tələb etməz, qiymətlərinin bilinməsini gözləyərlər... Təbii gözləyərkən qırılır, özlərini daha da geriyə çəkərlər... Çox ehtimal özləri tərəfindən də ‘ehtiras əksikliyi’ ilə günahlandırılırlar... " Bertrand Russel`in bir sözüylə bitirirəm: "Dünyanın problemi - ağıllılar həmişə şübhə içində ikən axmaqların arsızca özlərindən əmin olmalarıdır."
Psixologiyada Dunning-Kruger sindromunun daşıyıcılarına oxşar digər insan kateqoriyası narsistlərdir. Məlumat üçün deyək ki, özünə aşiq olan insanlara yunan dilində narsist deyirlər. Bu da bir yunan əfsanəsindən götürülmüşdür. Belə bir ki, bir nəfər özünün suda əksini görür və ona aşiq olur. Onu tutmaq üçün suya atılır və orada boğulur. Həmin adamın adı Narsiyus olduğu üçün, özünə aşiq olan insanlara narsist deyilir.
Belə insanlar özlərinə çox aşiq olurlar. Özünü sevmək yaxşı xüsusiyyət sayılsa da hədsiz sevgi insana ziyandan başqa heç nə gətirmir. Narsist rabitə qurmağı sevmədiyindən ictimai ünsiyyətləri zəif olur. Bu cür sindromu daşıyan insanlar özlərini hamıdan üstün bilir və nöqsansız hesab edirlər. Bir çox halda özlərini xüsusi insanlar kimi təsəvvür edir və çox sayda diqqətə və sevgiyə ehtiyac duyurlar. Daim xüsusi rəftara və seçilməyə ehtiyac duyurlar. Tənqidi sevmir və ona dözmürlər.
Narsistlər özlərini güclü, məşhur hesab edir, başqalarına itaət etmirlər. Çünki başqaları onun istəklərini yerinə yetirməyə qadir deyil. Bu insanlar üçün başqaları yoxdur, ancaq özləri var. Başqaları onlar üçün üçün yalnız köməkçilərdir. Ona görə də onların fikir tərzi belədir ki, başqalarından necə istifadə edə bilərəm. Onlara yardım etməyən kəslər və onlara əhəmiyyətli fiqur kimi yanaşmayan şəxslər narsistlərin nəzərində mövcud deyillər. Başqa sözlə desək, gözünə dəyməyən insanlardır. Bəzən buna görə başqaları ilə ədəbsiz rəftar edir və onları təhqir edirlər. Bu xəstəliyə düçar olmuş insanlara başqalarının hissləri ilə oynamaq və onları ələ salmaq ona heç bir vicdan əzabı verməz.
Narsist başqalarının həyatını məhv etmək və ya dağıtmaq bahasına olsa belə, istədiyi həmin məsələni öz xeyirinə həll edə, asanlıqla başqalarını əzə bilir. Belə bir insanla ailə quran şəxsin bilməli olduğu bir nüans var: "onun heç bir eybi yoxdur". Yəni narsistlər həmişə haqlıdırlar. Bunun əksini söyləyən insanı isə təhqir gözləyir.
Ziqmund Freyd narsistlərin sevgi anlayışını araşdırarkən bildirib ki, narsistlər kimisə sevmək üçün də öz istəklərinə önəm verərlər. Müqayisə edərlər, özlərinin hansı məqamda, əvvəllər hansı vəziyyətdə olduğunu, necə olmaq istədiyini, hansısa insana daha yaxın olmaq istəyini düşünüb özlərinə görə kiməsə önəm verərlər. Bir yazıçı digəri ilə görüşür, bir qədər danışdıqdan sonra dostuna deyir: "Elə mən özümdən danışdım. Heç səndən danışmadıq, son kitabım necə idi, xoşuna gəldimi?" Budur narsizm.
Mütəxəssislər hesab edirlər ki, özünü sevməklə narsizm arasındakı fərqi bilmək lazımdır. Normal sağlam insanlar özlərini sevər və buna ehtiyac duyarlar. Özünü sevməyən adam işini, ətrafını da sevməz və depressiv deyilən pessimist bir hala düşər. Bəzi insanlar həqiqətən özlərini o qədər çox bəyənirlər ki, aynanın qarşısında saatlar keçirə bilərlər. Narsizm yalnız özünü bəyənmişlik deyil. Narsistlər başqa insanlarla ünsiyyəti yalnız özlərini alqışlayıb tərifləsinlər deyə qurarlar. Qurduqları münasibətlərin onlar üçün heç bir dəyəri olmur. Öz mənfəəti üçün hər kəsi tapdalayıb keçər və bu vəziyyətdən ən kiçik bir peşmanlıq hissi keçirməzlər. Çünki qarşısındakı insanın nə düşündüyünü heç bir zaman düşünməzlər, düşünə bilməzlər. Qarşılarındakı insanların hisslərini düşünmək üçün kiçicik bir səy belə göstərməzlər. Psixiatr İkram Rüstəmov deyir ki, narsistik şəxsiyyət bir çox faktorlardan təsirlənir. İctimai xüsusiyyətlər, ailə quruluşu, uşaqlıq illərində ailəsindən kifayət qədər sevgi və maraq görməmək bu vəziyyətə səbəb ola bilər. Bir çox narsisit ilk baxışda çox təsiredici və çox sevimli görünə bilər. Ancaq onların bu halı istədiklərini əldə edənə qədər davam edir. İstədiklərini əldə edəndən sonra qarşısındakı insanı bir heç kimi görərlər: "Narsistlər digər insanlarla olan ünsiyyətlərini yalnız öz istəkləri üçün istifadə edərlər. Qarşılarındakı insanların duyğuları onlar üçün önəmli olmur. Narsistlərin digər bir xüsusiyyəti isə həsəd hissidir. Başqalarının xoşbəxtliyinə, müvəffəqiyyətinə qətiliklə dözə bilməzlər. Bu hissi çox yaşadıqları üçün, başqaları xoşbəxt olanda özlərini bədbəxt hiss edərlər. Çünki onların fikrincə, xoşbəxtliyə ancaq özləri layiqdir".
Narsistlər həqiqətən çox müvəffəqiyyətli ola bilərlər, iş həyatında önə çıxa bilərlər, ancaq bu müvəffəqiyyət işi sevdikləri üçün deyil, müvəffəqiyyətli olduqları zaman aldıqları alqış və təqdirlər üçündür. Narsist insanların tərk edilməyə dözümü olmur. Tərk edildikləri zaman körpənin anasından ayrıldığı dövrdəki kimi həddindən artıq reaksiya verər və depressiyaya girərlər. Tənqidə əsla dözümləri yoxdur. Narsistlərə çox önəm verməmək lazımdır. Onları davamlı alqışlamaq, tərifləmək reallıqla üzləşmələrini gecikdirir: "Uşaqlıq illərində ana-atasından kifayət qədər sevgi və diqqət görməyən şəxslər özlərinə güvənməz, özlərini sevə bilməzlər. Çünki sevginin, sevilmənin nə olduğunu bilməzlər. Onlar üçün bir sevgi modeli olmur. Uşaq özünü ana-atasının rəftarlarındakı aynadan görür. Bu aynada sevildiyinə dair bir görünüş yoxdursa, problemin özündə olduğunu, sevilməyə layiq olmadığını düşünür. Bu düşüncə yetkin yaşda başqa insanlardan sevgi, tərifi zorla istəməyə gətirib çıxarır. Buna görə, böyük səy göstərirlər. Tənqid olunduqları zaman isə həddən artıq sərt reaksiya verər, təcavüzkarlaşa bilər, depressiyaya girə bilərlər".
Narsist insan özündən razı olub müvəfəqiyyət haqqında düşünərkən, daxili ona rahatlıq verməz. Əslində bu insanların özündən şübhələnən, kövrək, tənqidlərə dözümsüz, dəyərsiz hiss edən gizli bir tərəfi var. İnsanlarla səthi əlaqələr qurub, davamlı tərif istəyən, səmimi münasibət qura bilməyən, başqalarına güvənməyən, dözümsüz, ətrafındakı insanların zamanına dəyər verməyən biridir. İctimai sahədə olduqca müvəfəqiyyətli olan narsistlər, çox maraqlı əhatəyə, əlaqələrə sahib olsalar da, bu onlar üçün səthidir.
Təqlidçi dəyərlərə malik olan narsistlər bir tərəfdən yalan danışaraq maddiyyətə söykənən, nüfuza hörmətsiz bir həyat sürərkən, kənara dürüst, həddindən artıq əxlaqlı və pula əhəmiyyət verməyən biri kimi özlərini tanıdırlar. Başdan çıxarıcı, sınamadan, kiminlə oldu cinsi həyatı olan belə insanların evlilikləri nizamsızdır, xarici əlaqələri çox olur. Çünki həyat yoldaşını ayrı bir varlıq olaraq görüb, sevə bilmirlər. Çox yaxşı danışan, qərarlı biri kimi görünməklə birlikdə məlumatları, yalnız başlıqları ehtiva edən səthi məlumatlardır, detalları unudarlar. Onun üçün dil və danışma özünə etibarını təzələmənin bir yoludur.
Narsistlər psixoloji problemləri olduqlarını qəbul etməz, həkimə və ya psixoloqa müraciət etməyi özlərinə sığışdırmazlar. Ancaq tərk edildikləri zaman düşdükləri depressiyadan çıxmaq üçün həkimə müraciət edərlər. Narsistləri psixoterapiya ilə müalicə etmək mümkündür.

Ülviyyə Tahirqızı