“Zərərçəkənlər “Azəriqaz” İB-ni məhkəməyə verməlidirlər” Hadisə

“Zərərçəkənlər “Azəriqaz” İB-ni məhkəməyə verməlidirlər”

İlham Şaban: "Ağıllarını başlarına yığmalıdırlar"

Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən qazdan zəhərlənmə hadisəsi bir daha bu sahədə olan vəziyyəti üzə çıxardı. Bu sahədə nə qədər ciddi problemlərin, səhlənkarlığın olduğu artıq göz qabağındadır.
Qeyd edək ki, ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama yayıb. İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, artıq hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: "Müəyyən edilib ki, qazın tərkibinə vurulan odorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur".
Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, Araz Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: "Odorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, "Azəriqaz" aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq".
Səhiyyə Nazirliyi isə "Azəriqazı"ı təkzib edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib. Zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Zəhərlənən digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub. Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hadisə yerində 45 yaşlı Natalya Məmmədovanın ölməsinə gəlincə Anar Qədirli deyib ki, onun təbii qazdan zəhərlənmə nəticəsində öldüyü ehtimal olunmur.
Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsindən verilən məlumata görə, zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata düşüb. Onların əksəri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər. Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından faktı təsdiqləyiblər. Stansiyadan deyiblər ki, Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.
Lökbatan qəsəbəsindəki hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işinə başlanıb. Rəsmi mənbələrin bilirdiyinə görə, təbii qazın veriliş zamanı əlavə edilən qatqı (odorant) normadan bir qədər yüksək olub, zəhərlənmə də buna görə baş verib. Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazov da bunu təsdiqləyib.
Taksikoloji Mərkəzdən verilən məlumata görə, mərkəzə 40 nəfər gətirilib ki, onlardan biri hamilə qadındır. Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov xəstələrin durumunun orta-ağır olduğunu deyib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ərazidə 10 təcili yardım briqadasının çalışdığını bildirib. O, vəziyyətin nəzarət altında olduğunu, ilkin tibbi yardım göstərilən xeyli adamın evə buraxıldığını deyib.
Təcili tibbi yardımın həkimləri bildiriblər ki, odorantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırma aparıblar.
Hadisə şahidlərinin sözlərinə görə zərərçəkənlərin çoxu azyaşlı uşaqlar olub: "İki qızım, gəlnim də qazdan zəhərlənib. Qonşunun gəlini qazdan boğuldu, xəstəxanadadı; İşdəydim, mən Lökbatanın mərkəzində işləyirəm. Ora birinci qaz iyi gəldi. Biz elə bildik işdə nəsə baş verib. Sonra evdən zəng vurdular ki, qazın iyi bizi birtəhər edib".
Sakinlərin "Xalq Cəbhəsi"nə verdiyi məlumata görə, bu qoxu bütün qəsəbəyə yayılıb: "Ona görə də evdə qazı yandırmadıq. Bütün qohumlara, tanışlara dedim ki, qazdan istifadə etməsinlər. Amma bunu anlamayıb, istifadə edənlər zəhərləniblər. Belə oolduqda yerli qaz idarəsinə zəng vurduq. Dedilər ki, odorant maddəsi dozadan artıq vurulub, bu səbəbdən də belə problem yaranıb. Yayılan məlumatlara görə, bir nəfər dünyasını dəyişib".
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat yayıb. ARDNŞ-dən verilən məlumata görə, rəsmi məlumatda deyilir: "Martın 5-də, səhər saat 10.30-da cari təmir işləri ilə əlaqədar olaraq Bakının Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılıb. Həmin gün saat 18.00 radələrində təmir işləri başa çatdırılıb və xəttə təbii qazın verilişi bərpa olunub. Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə "mavi yanacağ"ın tərkibinə vurulan kəskin qoxulu odarant maddəsinin təsirindən Lökbatan qəsəbəsində V.Əskərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub".
Məlumatda qeyd edilir ki, baş vermiş hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb: "Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaq".
ARDNŞ bildirir ki, Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır: "Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-də belə qurğular quraşdırılıb. ARDNŞ tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb".
ARDNŞ-in qeydində bildirilir ki, nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant (metilmerkartan və onun homoloqu etilmerkaptan) qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar (metilmerkartan və onun homoloqu etilmerkaptan) rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmayıb. Bu maddə qaz yanarkən tam yanır.
Məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban oderant maddəsindən bütün dünya praktikasında istifadə edildiyin deyir: "Təmirdən sonra oderant maddəsi vurulur ki abonent qazın verilişini hiss etsin. Maddənin normadan artıq vurulması iri miqyaslı bədbəxt hadisələrə gətirib çıxardı. Gec reaksiya verənlər zəhərləndilər. Qoxunu zamanında hiss edənlər isə qaçıb canlarını qutardılar". İlham Şaban bildirir ki, zərərçəkənlər "Azəriqaz"İB-ni məhkəməyə verməlidirlər: "Ağıllarını başlarına yığmalıdırlar. Digər məsələ, hava şəraitinin soyuq olduğu, konkret tempraturun mənfi 4 dərəcə təşkil etdiyi zamanlarda İstehsalat Birliyi rəsmi saytında təmir işləri ilə əlaqədar mavi qaz verilişini dayandırıldığına dair xəbərdarlıq edir. Necə ola bilər ki, qar yağdığı zamanda təmir işləri adı ilə qazın təhcizatı dayandırıla".

Əli