Eldar İbrahimovun haqlı tənqidi... Hadisə

Eldar İbrahimovun haqlı tənqidi...

Arzu Şirinova

Bəzən həqiqəti söyləyən məmurun, dövlətə və millətə bağlı, Azərbaycanın yüksəlişi üçün biliyini, sağlamlığını, həyatını belə, bu yolda qoyan insanların fikirlərini başqa samtə yönəltməyə, "qaşınmayan yerdən qan çıxarmağa" çalışırlar və bunu olaya çevirməkdə maraqlıdırlar....
...Milli Məclisin son iclasında müzakirələr zamanı deputat Eldar İbrahimov DYP əməkdaşlarının qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalarını, qanunun tələblərinə əməl etməli olduqlarını bildirib: "Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, "bu kitabçadan hamıda var da". Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun, başa düşmədin? Bu "dana" hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır".
...Eldar İbrahimovun haqlı iradlarına başqa don geyindirib tənqid edənlər demək olar ki, zaman-zaman Azərbaycan polisinin yalnız və yalnız nöqsanlarını şişirtməklə, onları gözdən salmaqla, hətta onlardan cəllad obrazı düzəltməklə məşğul olublar. Millət vəkili nəyi və necə deyib, bunlar üçün fərqi yoxdur. Millət vəkili deyib ki, Azərbaycan polisinin bu millətin sayılıb-seçilən, cəmiyyətdə tanınan insanları barədə məlumatı olmalıdır. Ancaq polis serjantı nəinki millət vəkilini tanıyıb, hətta ona təqdim olunan vəsiqəyə baxaraq "bu kitabçadan hamıda var" deyib, əhəmiyyətsiz yanaşıb. Polisin də bu davranışını görən millət vəkili belələri işə götürülən zaman onlarla təbliğat işi aparılmasının vacibliyini bildirib...
...Yadımdadır ki, millət vəkillərindən biri (dünyasını dəyişdiyi üçün adını hallandırmaq istəmirəm-A.Ş.) vaxtilə Milli Məclisdə yol polisini sərt tənqid elədi və bildirdi ki, bunlar ağacların altında, döngələrdə dayanaraq sanki insanlara tələ qururlar:"Elə ki, sürücü sürət həddini aşır saxlayırlar. Bəzən sürət həddini aşmayanları da saxlayıb cərmə ilə hədələyirlər və ondan şirinlik almayınca əl çəkmirlər". Bu tənqiddən sonra mərhum millət vəkilinə hücumlar başladı. Onu hakimiyyətə dönük çıxmaqda günahlandırdılar. Halbuki, millət vəkili hər kəsin ürəyindən xəbər verənləri parlamentdə səsləndirmişdi. Həmin vaxt millət vəkili yersiz tənqidlərə cavab vermədi və Milli Məclisdə bir daha bildirdi ki, bu sayaq işləyən polislər cəzalandırılmalıdır. Bu hadisədən bir müddət keçdi və ağac altında, döngələrdə və bu kimi yerlərdə "reyd keçirən" polislərə belə fəaliyyət göstərmələri qadağan olundu. ..
...O da yadımdadır ki, bir neçə il bundan əvvəl radikal müxalifət mitinq keçirirdi. Həm də icazəsiz mitinq. Polislər qanunun tələblərinə uyğun olaraq icazəsiz mitinq iştirakçılarını ərazidən uzaqlaşdırırdılar. Bu vaxt polislərdən biri ayaqlar altına atılmış Azərbaycan bayrağını yerdən götürərək sığal çəkdi və qatlayaraq sinəsinə sıxdı. Çəkilən bu görüntü sosial şəbəkələrdə yayıldı . Hər kəs Azərbaycan polisinin dövlət atributuna olan sayğısından danışdı. Həmin vaxt millət vəkilləri də, bu sırada Eldar İbrahimov da vardı, həmin polisi alqışladılar və dövlətin güclü əllərdə olduğunu bildirdilər...
Bir sözlə, Eldar İbrahimov polisi qərəzli tənqid etməyib. Tənqid edib ki, nəticə çıxarılsın. Tənqiddə qərəz axtaranların amalı isə bəllidir-"qaşınmayan yerdən qan çıxartmaq".