Nə qədər ki... Hadisə

Nə qədər ki...

Arzu Şitinova

1992-ci il fevralın 26-da rus və erməni birləşmələrinin Azərbaycan torpağında-Xocalıda törətdikləri soyqırımından 23 il bir vaxt keçir. Bu illər ərzində Xocalıda törədilən qırğınların dünyaya çatdırılması, dünya ictimaiyyətinin bu qırğınlardan xəbərdar olması üçün "çox işlər görmüşük" deyənlər də var. Ancaq hansı işləri görməyimizdən asılı olmayaraq Xocalı və bütövlükdə Dağlıq Qarabağ hələ də erməni işğalı altındadır. Elə özümüzdən, mətbuatdan danışaq-işğal tarixlərimiz yaxınlaşanda çoxlarımız fəaliyyətə keçirik. Əksəriyyət vaxtımızı isə, kim kimi öldürdü, filan müğənni efirdə soyundu xəbərlərini yazıb sosial şəbəkələrdə paylaşırıq, "verilişim reytinqləri qırır, çünki itənləri tapıb doğmalarına qovuşdururam" ucuz deyiminə şərik oluruq, hətta verilişində ekspert kimi iştirakımızdan fəxrlə söz açırıq. Son bir ayda isə, Lamiyənin oyunlarından yazmaqla, Elza Seyidcahanın Sarkisyana həsr etdiyi mənasız şeirini dönə-dönə paylaşmaqla, efirlərdən danışmaqla nə özümüz yoruluruq, nə də oxucular və bu informasiyanı seyr edənlər. Sanki Azərbaycanda bu mövzulardan başqa dartışılacaq və yazılacaq mövzu yoxdur. Bir nüansı qeyd etmək yerinə düşər. Yanvar ayının 28-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü ilə -BMT Təhlükəsizlik Şurasının "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" toplamaq üçün petisiya yaradıldı. Düzdür, artıq petisiya üçün 100 000 imza tamamlanıb, ancaq bu imzanı qısa bir vaxt ərzində yığmaq olardı. Bunun üçün cəmi 3 dəqiqə vaxt kifayət edir ki, qeyd olunan ünvana daxil olub prosedura uyğun olaraq imzanı verəsən. Biz jurnalistlər bu mövzunu istənilən səviyyədə ictimaiəşdirmədik. Çünki Lamiyə olayına və Elza Seyidcahanın səviyyəsiz şerinə başımız qarışmışdı. Gəlin bir anlığa təsəvvür edək ki, ermənilər bizim yaşadıqlarımızı yaşayırlar. O zaman nələrə əl atacaqlarını gözlərimizin qarşısında canlandıraq. Hər il bir neçə dəfə petisiya üçün imza toplayacaqlar. Bu imzanı isə işçi qrupu siyasi təşkilatların, hakimiyyətdə oturan vəzifəli şəxslərin qapılarını döyüb imza üçün yardım istəməyərəkdən toplayacaqlar. Həm də çox sürətlə. Necə ki, hər il Amerikaya gedərək telemarafon vasitəsilə maddi yardım toplayırlar və bu yardımın da məbləği ildən-ilə artır. Halbuki, biz illərdi Silahlı Qüvvələrə Yardım Fonduna düz-əməlli vəsait toplaya bilməmişik...
...Əsrlərdir torpaqlarımız bölünür, işğal olunur. Və biz indi-indi tariximizdə nələr baş verdiyini çılpaqlığı ilə yazmağa başlamışıq. Bəzən isə yazılanlar belə işıq üzü görə bilmir, çünki bu işə vəsait ölçülərək verilir. Ermənilərsə saxta tarixlərini bütün dillərdə çap edərək, dünya ictimaiyyətinin gözünə soxurlar. Bəli, ermənilər saxta tarix yaradırlar, saxta xəritə hazırlayırlar, Azərbaycandan oğurladıqları musiqini, kulinariyanı, xalq mahnısını, tarixi abidələrimizi, yer adlarımızı mənimsəyirlər və bunlarla sərgilərə gedirlər. Bizlərsə tarixi qəhrəmanlarımıza çamur atmaqla, onları təftiş etməklə, erməninin dəyirmanına su tökməklə məşğuluq. Bu məşğulluqdan yararlanan ermənilər dünya mətbuatında bizlərin statlarından, kitablarından istifadə edir və deyir ki, "Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli ermənilərə olan haqsızlığa dözə bilməyərək "Daş yuxular"ı yazıb və buna görə də ölkəsində tənqid olunur"...
...20 faiz torpağı işğal olunan, 1 milyondan artıq qaçqın və məcburu köçkünü olan bir xalqın mətbuatında əksəriyyət xəbərlər təcavüzdən, zorakılıqdan, qətldəndirsə deməli hələ çox torpaq nisgili çəkəcəyik. Bir xalqın televiziya kanallarını Elgizlərin, Zaurların, Mikayılların və daha kimlərin şou proqramları bəzəyəcəksə, həmin şou proqramlar beynimizi zəhərləyib, korşaldacaqsa və məqsədli olaraq bu verilişlərə aludəçılıyimiz yaranacaqsa Ağdərə, Xocalı, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam və digər Vətən torpaqlarımız hələ çox erməni tapdağı altında inləyəcək...