“Yeni Rusiya” terrorçu qruplaşması Nemtsovun qətlini öz üzərinə götürüb Hadisə

“Yeni Rusiya”  terrorçu qruplaşması Nemtsovun qətlini öz üzərinə götürüb

Mahmud Hacıyev: "İnanmıram ki, Nemtsovun qətli ilə bağlı cinayət işi obyektiv aparılsın"

Qabil Hüseynli: "Boris Nemtsovun öldürülməsində Ukraynanın əlinin olması ilə irəli sürülən versiya çox sərsəm iddiadır"

Özlərini "Yeni Rusiya" adlandıran terrorçu qruplaşma Boris Nemtsovun qətlini öz üzərinə götürüb. 3 maskalı gənc bu barədə sosial şəbəkədə video yayımlayıb. Onlar Nemtsovun Rusiyaya xəyanət etdiyini bildiriblər: "Biz "Yeni Rusiya" partizanları, "Rusiç" təxribat və hücum kəşfiyyat qrupu (DŞRQ) Moskvada keçirilməsi gözlənilən 1 mart mitinqi ərəfəsində Nemtsovun cəzasını vermək qərarına gəldik. O, həyatı boyu dövlətimizi və xalqımızı satdı. O, Donbasda xalqımızı öldürənləri dəstəklədi. Bu bizim ilk aksiyamızdır. Əgər kimsə, bundan sonra Nemtsovun yolu ilə gedərsə, eyni cəzanı alacaq". Rusiya hüquq mühafizə orqanları isə bu bəyanata hələlik heç bir reaksiya verməyib. Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Naməlum şəxslər küçədə ağ avtomobildən dörd dəfə atəş açıblar. Kürək nahiyəsindən aldığı yaralardan Nemtsov hadisə yerində keçinib. Onu da vurğulayaq ki, Boris Nemtsovun xatirəsi ilə bağlı matəm yürüşündə 50 min nəfər iştirak edib.
Rusiya hökumətinin keçmiş sədr müavini Alfred Kox Boris isə Nemtsovun qətlindən sonra öz həyatına görə narahat olduğunu deyib. Bu barədə o, "Bild" alman nəşrinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, ötən ilin payızında o, Yuxarı Bavariyanın kəndlərindən birində Rusiya müxalifətinin indiki və əvvəlki müxalifət liderlərinin iştirakı ilə üç günlük gizli görüş təşkil edib. Sabiq siyasətçinin dediyinə görə, görüşdə Boris Nemtsov, Mixail Xodorkovski və adını çəkmək istəmədiyi Rusiya hökumətinin bir çox digər keçmiş üzvləri də iştirak ediblər.
"Söhbət zamanı müxalifətçilər "Putin hakimiyyətini necə sındırmağın yolunu" axtarıblar", - deyə məqalədə qeyd edilir. Görüş iştirakçılarından biri – keçmiş gürcü nazir və Rusiya prezidentinin düşməni Kaxa Bendukidze həmin görüşdən cəmi bir neçə həftə sonra guya ürək problemindən dünyasını dəyişib.
"Qorxuram ki, o və Nemtsov – siyahıda öz həyatları ilə vidalaşan heç də sonuncu şəxslər deyillər" –deyə Kox əlavə edib.
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev Rusiya müxalifətinin lideri Boris Nemtsovun öldürülməsinə münasibət bildirərkən deyib ki, qətlin daxildən və ya xaricdən gəldiyini əməliyyatın düzgün aparıldığı zaman söyləmək olar. Sabiq polis rəisinin qənaətincə, bu qətl 100 faiz sifarişlidir: "Buna şübhə yoxdur. Bunları demək üçün hüquqşünas və ya əməliyyatçı olmağa da ehtiyac qalmır. Amma bu sifarişin daxildən və ya xaricdən gəlməsini hüquqi və məntiqi baxımdan demək düzgün çıxmaz. Daha dəqiqini işin istintaqını aparan əməliyyatçılar yaxşı bilər. İnanmıram ki, Nemtsovun qətli ilə bağlı cinayət işi obyektiv aparılsın. Mən buna əminəm. Çünki bu insan həmişə ölkə rəhbərliyinə müxalifətdə dayanıb. Putini hər zaman tənqid edib. O nöqteyi-nəzərdən də bu işin istintaqının obyektiv aparılmasına inanmıram. Qətlin daxildən və ya xaricdən gəldiyini əməliyyatın düzgün aparıldığı zaman söyləmək olar. İndiki halda işi aparan müstəntiqlərin reallığa yaxın işləməyinə belə məndə şübhə var. Bu peşəkarcasına olan bir qətldir. Peşəkarlar da asan izlər qoymurlar. Moskva böyük şəhərdir. Hər nə qədər şahid, videofaktlar, kameralar da olsa qətlin kim tərəfindən edildiyini müəyyənləşdirmək çətindir. Qatilin foto-robortu hazırlanmalıdır. Həm də indi Rusiyada vəziyyəti görürsünüz. Ara qarışıb. Hər kəs də Putinin ölkənin ab-havasını necə diqtə etdiyini yaxşı bilir. O ki qaldı konkret sifarişçilərə, mən bunu deyə bilmərəm. Bunu istintaqçılar daha dəqiq bilər".
Politoloq Qabil Hüseynli isə deyib ki, Boris Nemtsovun öldürülməsində Ukraynanın əlinin olması ilə irəli sürülən versiya çox sərsəm iddiadır. Onun sözlərinə görə, Nemtsov Ukrayna prosesləri başlayandan Putini tənqid edirdi və Ukraynaya müdaxilənin əleyhinə çıxırdı: "Boris Nemtsovun bir ayağı Moskvada idi, bir ayağı Kiyevdə. Dünən Ukrayna prezidentinin əmri ilə də Boris Nemtsova "Azadlıq" ordeni verilib. Belə olan təqdirdə də onun Ukrayna tərəfindən öldürülməsi ilə bağlı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Ukraynaya Rusiyadakı bir nömrəli lobbiçisini öldürmək heç cürə sərf etməzdi. Boris Nemtsov vaxtilə varis kimi Yeltsin tərəfindən Rusiya prezidenti seçilməsi nəzərdə tutulan bir şəxs idi lakin bəzi siyasi oyunlar nəticəsində Putin prezident seçilmişdi. Bu nöqteyi nəzərdən yanaşsaq deyə bilərik ki, Nemtsov həm də Putinin siyasi rəqiblərindən biri sayılırdı. Belə olan təqdirdə, onun Ukrayna tərəfindən öldürülməsi ilə bağlı iddia edilən versiya üzərində düşünmək belə qəbahətdir".

Əli