Ahıl jurnalist xanım mənzilində ziyarət edilib Hadisə

Ahıl jurnalist xanım mənzilində ziyarət edilib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində 75 yaşı tamam olan veteran jurnalist Mənsurə Mənsurova-Əfəndiyevanı yaşadığı mənzilində ziyarət edərək ona media ictimaiyyətinin təbriklərini və xoş arzularını çatdırıblar.
MŞ sədri Əflatun Amaşov Şuranın ahıl jurnalistllərlə bağlı gerçəkləşdirdiyi "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" layihəsi barədə məlumat verib. O bildirib ki, peşəkar fəaliyyəti məhdudlaşmış, xüsusi diqqətə ehtiyacı yaranmış veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan layihənin davamlılığı üçün başlıca səbəb gənc nəslin yaşlı qələm sahiblərinin örnək mahiyyət daşıyan həyat yolu barədə daha məlumatlı olmasına duyulan ehtiyacdır. Sonra Ə.Amaşov uzun illər ölkə nəşriyyatlarında səmərəli fəaliyyət göstərmiş Mənsurə Mənsurova-Əfəndiyevaya Mətbuat Şurasının diplomunu təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Y.Kərimov və müavini Məzahir Süleymanzadə, həmçinin görüşə qoşulan tələbə yoldaşları, həmkarları yubilyarın yüksək insani və peşəkarlıq keyfiyyətlərindən söz açıb, ötən günlərin xoş xatirələrini yada salıblar.
Qeyd edək ki, Mənsurə Mənsurova-Əfəndiyeva BDU-nun jurnalistika şöbəsini qiymətlərlə bitirib. O, fəaliyyət göstərdiyi 1962-1994-ci illərdə "Elm" nəşriyyatında və "Azərnəşr"də yüzlərlə kitabın redaktoru, elmi-populyar mövzularda bir sıra kitabların tərcüməçisi və tərtibçisi olub.