Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib Hadisə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. DQİDK-nın məbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində görülən işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir. Müşavirədə bölgə şöbələrinin müdirləri dini durum, eləcə də görüləcək işlər barədə məlumat veriblər, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. Müşavirənin sonunda DQİDK-nın sədri M.Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.