Mərakeşin səfiri Mərkəzi Elmi Kitabxanada Hadisə

Mərakeşin səfiri Mərkəzi Elmi Kitabxanada

Tural

Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub. İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası, həmçinin AMEA-nın təsisçiləri olan 15 akademikin büstləri ilə tanış olub, fəaliyyətləri barədə məlumat alıblar. Sonra qonaqlar kitabxananın Şərq ədəbiyyatı və Nadir kitablar fondunda olublar. Nadir kitablar fondunun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib.
Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə danışıb. Ölkəmizin kitabxanaçılıq tarixində müasir proqram və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu bildirən L.İmanova qeyd edib ki, məqsədimiz ölkədə müasir kitabxana sistemini yaratmaq və bu sistem vasitəsiylə ölkəmizin dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.
Həmçinin L.İmanova qeyd edib ki, hazırda AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi aparılır və 4 milyon kitabın köçürülməsi planlaşdırılıb. Görüşdə L.İmanova hər iki kitabxana arasında təqdimatların vahid biblioqrafik dildə aparılması, dünya elm nümunələrinin kitabxana fondları arasında mübadiləsinin təşkili, "Milli Rəqəmsal Yaddaş" bazası üçün Azərbaycanla bağlı məlumatların əldə edilməsi, o cümlədən yüksək texnologiyaların tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində müştərək əməkdaşlıq təkliflərini səsləndirib.
Görüşdən məmnunluğunu ifadə edən cənab Driss Khrouz hər iki ölkənin islam cəmiyyətləri arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Professor təklif olunan istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə qurulması üçün rəhbərlik etdiyi kitabxananın hazır olduğunu bildirib. MEK-in fəaliyyət istiqamətlərinin Mərakeş Milli Kitabxanası üçün də maraqlı olduğunu vurğulayıb. Ənənəvi kitabxanaçılığın əleyhinə olduğunu bildirən professor MEK-in yeni binasının orijinal interyerini, müasir avadanlıq və sistemlərlə tərtibatını yüksək qiymətləndirib.
Daha sonra ölkəsinin qədim tarixi və mədəniyyəti, o cümlədən Mərakeş Milli Kitabxanası haqqında qısa məlumat verən professor hər iki ölkənin sivilizasiya və mədəniyyətlərinin öyrənilməsində kitabxanalar arasında informasiya mübadiləsinin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib. Driss Khrouz onu da əlavə edib ki, Mərakeş Milli Kitabxanasında azərbaycanşünaslığı öyrənən mütəxəssislər çalışmaqdadır.
Faydalı fikir mübadiləsi əsasında keçən görüşdə Mərakeş Milli Kitabxanası ilə Mərkəzi Elmi Kitabxana arasında memorandum imzalanması, təcrübə mübadiləsi, birgə elmi-mədəni tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.
Sonda səfir Həsən Hami "Art and Diplomacy" adlı kitabı kitabxanaya hədiyyə edib. L.İmanova da öz növbəsində kitabxananın adından bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin partituralarını, Azərbaycan rəssam və memarlarının əsərlərinin toplularını, "Azərbaycan miniatürləri" və başqa kitabları qonaqlara hədiyyə edib.