AKP-nin səpdiyi toxumlar... Hadisə

AKP-nin səpdiyi toxumlar...

Arzu Şirinova

Roma Papası I Fransiskin 1915-ci ildə baş verənlərə öz prizmasından baxıb "soyqırım" kimi qiymətləndirməsinə kifayət qədər münasibət bildirilib. Hətta onun şəcərəsi belə araşdırılaraq ortaya qoyulub ki, erməni lərə xüsusi sevgisi olan Roma Papasının məlum ifadısinə təəccüblənmək mənasızdır.
Yəni təəccüblənəsi və təəssüflənəsi, hətta qınanılası başqa məqamlar var. O da AKP hakimiyyətində təmsil olanların ermənilərə sıcaqdan da sıcaq münasibətləridir. Ermənilər türkləri "soyqırım"da ittiham edir, təzminat istəyir və Türkiyəyə qarşı ərazi iddiasında olduqlarını hər fürsətdə bəyanlayırlar, ancaq AK parti yetkililəri onlara qucaq açır. Məsələn, prezident Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dönəmdə fəxrlə bildirirdi ki, Türkiyədə 150 mindən artıq erməni yaşayır. Ermənilərlə ticarət əlaqələrinin olduğunu və bu əlaqələrin getdikcə inkişaf edəcəyini dönə-dönə vurğulayırdı. Abdulla Gül isə preziden kimi Serj Sərkisyanı Türkiyəyə futbol yarışını izləməyə dəvət elədi. Serj Sərkisyan Abdulla Gülün onun şərəfinə düzəltdirdiyi qızıl və brilyant daşlarla bəzzədilmiş stulda oturaraq türk-erməni futbolçularının yarışını izlədi və sonra Gülün xanımının öz əlləriylə hazırladığı xörəkdən yeyib səfərin keyfini çıxardı. Ölkəsinə dönər-dönməz isə Türkiyənin əleyhinə danışaraq yediyi yeməyə tüpürdü, sıcaq qarşılanmaya əhəmiyyətsiz qonaqpərvərlik kimi arxa çevirdi.
Türkiyə xarici siyasətində həm də "qonşularla sıfır problem"i ideyasının müəllifi olan Əhməd Davudoğlu baş nazir seçilər-seçilməz erməni Etyen Mahçupyanı özünə müşavir təyin elədi. Və bundan fəxrlə danışıb ölkəsinin Avropa dəyərlərinə hörmət elədiyini, digər xalqların da dövlət strukturlarında işlə təmin edilməsinin onların siyasətinin başlıca prinsipləri olduğunu bildirdi.
Bu hələ harasıdır, Türkiyənin ana müxalifəti sayılan CHP də ermənilərə sevgi nümayiş etdirməkdə sanki AK parti ilə yarışa girib. Bu il Türkiyədə keçiriləcək parlament seçkilərində Selina Doğanın namizədliyini verib. Məlumata görə, CHP parlament seçkilərində erməni namizədi Selina Doğanla kifayətlənmir. Daha erməni əsilli 5 namizəd də veriləcək ki, onlardan 4-nün seçilməsi mümkündür.
Parlamentə seçiləcək ermənilərin yeri gələndə və yaxud elə yeri gəldi-gəlmədi, qondarma soyqırımdan danışacaqları, Türkiyə Böyük Millət Məclisində istədikləri fikirləri ictimailəşdirəcəkləri indidən görünür. Çünki onların işbirliyində olacaqları HDP-nin-əsasən kürd əsillilərinin-Türkiyəyə qarşı mövqeləri bəllidir. Bu, yaxın gələcəkdə baş verəcək. Ancaq bu gün artıq Əhməd Davudoğlunun tərifləyərək müşavir təyin elədiyi erməninin mövqeyi ortadadır.
"Bosniya və Afrikada baş verən soyqırımlar qəbul edilərkən 1915-ci ildə ermənilərə qarşı törədilənlərə soyqırım deməmək imkansızdır". Bu sözlərin müəllifi Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyandır.
Roma Papasının bəyanatını şərh edən E. Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: "Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi".
Mahçupyanın fikrincə, Papanın açıqlamasının siyasi tərəfi yoxdur: "Həm ermənilər, həm də erməni olmayanlar üçün soyqırım kəlməsi artıq siyasi deyil, psixoloji anlam daşıyır. Əsas məsələ yaşanmış hadisəni etiraf etməkdir. Yaşanmışlara baxmaq və dərs çıxararaq gələcəyi birlikdə qurmaq önəmlidir. Kəlmənin önəmi yoxdur. 100 il öncəsinə birlikdə baxa bilməyimiz daha əhəmiyyətlidir".
Bəli, erməni erməniliyindən, Türkiyənin indiki hakimiyyəti də öz siyasətindən əlçəkmir. Bu siyasət isə Türkiyəyə deyil, AKP-yə xidmət deməkdir...