Alimin alimə zülmünü Allah bağışlamaz! Hadisə

Alimin alimə zülmünü Allah bağışlamaz!

Luizana ştatının fəxri vətəndaşı dünyasını dəyişdi

Ölüm haqq olsa da, professor Zeydulla Ağayevə qarşı edilən haqsızlıqların onun vaxtsız ölümünə səbəb olması hamını, o cümlədən, onu yaxından tanıyan alim dostlarını yandırıb-yaxır. Təəəssüf ki, belə bir saf insanın, görkəmli alimin ölümünü tezləşdirən də elə alimdir. Alimin də sən demə, zalimi olurmuş...
Zeydulla müəllimin qəlbi ətalətsizliyə, haqsızlığa tab gətirmədi.
Azərbaycanın adını zirvəyə qaldıran elm adamı, vətənpərvər ziyalı, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna "Məhəbbət nəğməsi", "Beş günün intizarı", "Yenilməzlik", "Dünyanın düz vaxtı" və s. nəsr kitablarından çox yaxşı tanışdır.
Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının Qəriblər kəndində dünyaya göz açmışdı. 1968- ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsini uğurla bitirmişdir. Həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı "Bilik" qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektoru, 2007-2009-cu illərdə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Öz orijinal nəsr əsərləri ilə yanaşı, Zeydulla müəllim həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, C.London, A.Konan Doyl, T.Drayzer, E.Heminquey, S.Moyem, Ayzek Əzimov, A.Heyli kimi dünya şöhrətli böyük yazıçıların əsərlərini dilimizə çevirib, çap etdirmışdır.
1988-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Züydulla müəllim oxuculara Ayra Levinin "Ölümqabağı öpüş" romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi.
Zeydulla Ağayev həm də Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyıtlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Los-Anceles Universitetində dərs demişdi.
Zeydulla müəllim Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla məktublaşmış, hətta A.Əzimovun sağlığında Nyu-York şəhərindəki evində qonağı olmuşdu.
Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə tərcümə etmişdi. "Modern Azerbaijan Prose" (Bakı, Azərnəşr, 2003).
Onun rəhbərliyi və təşəbbüsü ilə Səmyel Uimzin "Ermənistan - terrorçu "xristian" ölkəsinin gizlinləri". (Bakı, Azərnəşr, 2004) ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş, MDB məkanında olan ölkələrdə yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu kitabda erməni millətçiliyinin iç üzü tutarlı faktlarla ifşa olunur.
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin "Qisas" povesti əsasında yazdığı "Haray" faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Yeni səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı.
...Elimizə-obamıza növbəri bahar gəlir. Növruz həm də doğmaları bir araya gətirən səmimiyyət, mehribançılıq bayramıdır. Əfsuslar olsun ki, bu bayramı Zeydulla müəllim öz ailəsi və doğmaları ilə qarşılaya bilmədi.
Allah rəhmət eləsin, adına və yaradıcılığına etiramla,

Nurəddin ƏDİLOĞLU
Yazıçı-jurnalist