Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO Mədəniyyət

Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO

Belqrad Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert keçirilib.

Bu barədə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Serbiya dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm, mədəniyyət və din xadimləri, eləcə də diaspor üzvləri iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev çıxışında Üzeyir Hacıbəylinin yaradıcılığının Azərbaycan xalqının milli kimliyinin və musiqi ənənələrinin formalaşmasında mühüm rol oynadığını bildirib.

"Serbiya Poçtu dahi bəstəkarın 140 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxaraq bu əlamətdar günə töhfə verib".

Diplomat həmçinin Serbiyanın dünyada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığı azsaylı ölkələrdən biri olduğunu da vurğulayıb.

Tədbirdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə olması xüsusi qeyd olunub.

Sonra konsert proqramı təqdim olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç, pianoçu Mina Ristiç Yoniç, solist Orxan Cəlilov, pianoçu Vasif Hüseyn, tarzən İbrahim Babayev, balabançı Məqsəd Əzizov, "Ritm" rəqs qrupu və Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri Üzeyir Hacıbəylinin, həmçinin serb bəstəkarı İsidor Bayiçin əsərlərini ifa ediblər.