BAMF sədri Hindistan Maliyyə İnstitutunun rəhbərləri ilə görüşüb Hadisə

BAMF sədri Hindistan Maliyyə İnstitutunun rəhbərləri ilə görüşüb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Bakı şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısına dəvət olunan Hindistan Maliyyə İnstitutunun yaradıcısı və rəhbərlər şurasının hazırki sədri , professor Agarval ilə görüşüb. Cənab Agarvalın ailə üzvlərinin də iştirak etdiyi görüşdə BAMF-la Hindistan Maliyyə İnstitutu arasında əməkdaşlığın perspektiv imkanları müzakirə olunub. Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirən cənab Agarval bunu Azərbaycanla Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi dəyərləndirib. Azərbaycanın davamlı tərəqqisini qeyd edən cənab Agarval Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, gələn qonaqların əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını bildirib. BAMF sədri də öz növbəsində dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu tədbirin yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənildiyini , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən də müsbət qarşılandığını bildirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən Hindistan Maliyyə İnstitutunun rəhbəri təşkilat haqqında xoş sözlər deyib, BAMF-ın beynəlxalq fəaliyyətini və statusunu BMT-nin analoji xüsusiyyətləri ilə müqayisə edib və BAMF-ın regionda "Kiçik BMT" rolunu oynadığını bildirib. O, tezliklə Hindistan Maliyyə İnstitutunun BAMF-la iki qurum arasında əməkdaşlığın yol xəritəsi olacaq birgə anlaşma memorandumunun imzalanmasının vacib olduğunu, bu istiqamətdə işlər görəcəklərini xüsusi vurğulayıb.