“Üzlükçü” şirkətin rəhbəri tutuldu Hadisə

“Üzlükçü” şirkətin rəhbəri tutuldu

Azərbaycan prezidenti sərəncamı ilə Bakıda binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı

Əli Həsənov: "Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək"


Dünən saat 11-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 14 nəfər həlak olub, 27 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.


Prezidentdən sərt reaksiya


"Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür".
Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əki Həsənov qeyd edib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: "Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək".
Əli Həsənov deyib ki, prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.
Prezidentin köməkçisi onu da bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər həyata keçiriləcək.


"Üzlükçü" həbs olundu

Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin yanğınla bağlı birgə məlumatında qeyd olunur ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.


Ölənlərdən 5-i azyaşlıdır

Yanğın nəticəsində ölən 14 nəfərdən daha 7 nəfərin şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş),Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş). Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar..
APA-nın əldə etdiyi məlumata görə, ölən 14 nəfərdən 5-i azyaşlıdır.


Səhiyyə Nazirliyinin rəsmi məlumatı

Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı növbəti rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib:

"Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Yaralıların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, qalan hissəsi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Dövlət Komissiyası yaradıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri:
Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:
- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirməlidir;
- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;
- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;
- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;
- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;
- görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.
Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.