“Birinci media konfransı yeni təşəbbüsdür” Hadisə

“Birinci media konfransı yeni təşəbbüsdür”

Latviya Seyminin sədri: "KİV dezinformasiyaya qarşı olmalı, informasiyanı təbliğatdan kənar, dəqiq və obyektiv çatdırmalıdır"

Latviyanın Avropa İttifaqında sədrliyi çərçivəsində "Şərq Tərəfdaşlığı" ölkələrinin birinci media konfransını təşkil etməsi yeni bir təşəbbüsdür və bu, Riqa sammitinin vacib elementidir.
Bu barədə Riqada keçirilən birinci media konfransının açılışında Latviya Seyminin sədri İnara Murniyetse bildirib.
Onun sözlərinə görə, belə bir tədbirin təşkili KİV-in rolunu və dəyərini göstərir.
Parlament sədri söz və mətbuat azadlığının demokratiyanın əsas dəyərlərindən olduğunu əlavə edib.
"Sabiq jurnalist olaraq deməliyəm ki, KİV dezinformasiyaya qarşı olmalı, informasiyanı təbliğatdan kənar, dəqiq və obyektiv çatdırmalıdır.
Bu mənada belə konfransların keçirilməsi vacibdir. Bunun fikirləri bölüşmək üçün uğurlu bir platforma olacağına əminəm. Hesab edirəm ki, bu konfrans Şərq Tərəfdaşlığı üzrə Riqa sammitinə və onun yekun bəyannaməsinə dəyərli töhfəsini verəcək".
Latviyanın sabiq prezidenti və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa bildirib ki, Avropa İttifaqı hər zaman plüralizmin tərəfdarı olub.
KİV demokratik cəmiyyətdə mühüm rol oynayır. Ona görə də KİV siyasətdən asılı olmamalı və öz sözünü deməlidir. Demokratiya olmayanda vətəndaşlar doğru məlumat əldə edə bilmirlər. KİV bütün dünyada mühüm rol oynayır".
Qeyd edək ki, Şərq Tərəfdaşlığında medianın roluna həsr olunmuş konfransda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Ukrayna, Balarusdan 350-dək jurnalist, ekspertlər, siyasətçi və alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər.