Yanan binada təmir-bərpa işlərinə başlanılıb Hadisə

Yanan binada təmir-bərpa işlərinə başlanılıb

Bakının Binaqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binada təmir-bərpa işlərinə start verilib.
Dünən səhərdən binanın yanmamış hissənin poliuletan üzlüyünün sökülməsinə başlanılıb.
Baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov binanın bərpası üçün layihə hazırlandığını və on gün ərzində təqdim ediləcəyini bildirib.
Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən Abid Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb: "Onların sağlıq durumu Səhiyyə Nazirliyi və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə onların hamısı tezliklə xəstəxanadan buraxılacaq".
Baş nazirin müavini onu da qeyd edib ki, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur.


Şagirdlərlə bağlı qərar verilib
Binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilən qərargaha təqdim olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, bu siyahıda adları olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər. Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir. Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edə bilərlər.

Telefon və internet borcları silinib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verən yanğınla bağlı qərar qəbul edib. Bu barədə nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.
Belə ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borcları nazirlik hesabına ödəniləcək.
Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.

Xəsarət alanların durumu...

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyətinin orta ağır olduğunu deyib.
Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur". Azər Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

Sənədlər pulsuz bərpa ediləcək

Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib: "Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər. Əlaqə saxlamaq istəyənlər hər gün səhər 09:00-dan 18:00-a qədər 5908105, 5908107 nömrələrinə zəng edə bilərlər".

"Azərsu"dan dəstək

"Azərsu" yanan binanın sakinlərinin su borclarını silib.
Yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları "Azərsu" ASC-nin hesabına ödəniləcək.

"Belə üzlüklü bina qalmayacaq"

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala yanan binanın təmirinin çox yüksək səviyyədə aparılacağını deyib: "Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən hissəsini üzərinizdən götürək. Ancaq bilirik ki, bu yanğında ölənlər heç vaxt yaddan çıxmayacaq".
BŞİH başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklə üzlənmiş 140-dək bina var və həmin bunların hamısının üzlüyü söküləcək: "Qərara aldıq ki, bunların hamısı belə üzlükdən təmizlənsin. Bakı şəhərində belə üzlüklü bina qalmayacaq, həmin binalar ən yüksək səviyyədə təmir olunacaq".


Ürəkparçalayan mənzərə

Paytaxtın yüzlərlə sakini Azadlıq prospektində yanan binanın qarşısına gələrək faciə zamanı həlak olanların xatirəsini yad edir. Binanın önündə ayrılmış yerə gül və uşaq oyuncaqları qoyurlar.
Binada yanaraq həyatını itirən sakinləri yad etmək üçün gələnlərin arasında sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər də var.
Artıq yanan yaşayış binasında təmir işlərinə başlanılıb. Ərazidə çalışan fəhlələr binanın yanmış üzlüklərini sökürlər. Sakinlər isə yanmamış əşyalarını çıxarırlar.
Xatırladaq ki, mayınn 19-da 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın nəticəsində 15 nəfər, o cümlədən 4 azyaşlı uşaq həlak olub.


Kədərimizə şərik olanlar


İstanbulda Azərbaycan baş konsulluğunun qarşısında Bakıda yaşayış binasında baş vermiş faciəli yanğın hadisəsində həlak olanların xatirəsini anmaq uçun aksiya keçirilib.
Aksiya iştirakçıları sosial şəbəkələr vasitəsi ilə xəbərləşərək toplaşmağa qərar veriblər. Anım mərasiminə Türkiyədə yaşayan azərbaycanlılar, iş adamları, tələbələr və türkiyəli türklər qatılıblar.
Aksiyaya qatılanlar arasında Turkiyənin iş adamları, ziyaliları və məhşur sənətçiləri də olub. Yanğın nəticəsində həlak olanların xatirəsini yad edənlər konsulluğun qarşısına gül dəstələri, vəfat edən körpələrin şəkillərini və kiçik uşaq oyuncaqları qoyublar.
Aksiyada öz uşaqları ilə iştirak edən yerlilər şamlar yandıraraq kədərli olduqlarını və Azərbaycanın acısını paylaşdıqlarını bildiriblər.
Qeyd edək ki, hadisənin baş verdiyi gündən bəri Tükiyənin həm hökumət nümayəndələri, həm də məşhur sənətçiləri sosial şəbəkə ve TV vasitəsilə Azərbaycana baş sağlığı verib.
"Sizin acınız bizim acımız, sizin kədəriniz bizim kədərimizdir. Vəfat eden 15 nəfərin yasını biz də tuturuq" – kimi açıqlqamalarda dəstək nümayiş etdiriblər.

Baş verən yanğın zamanı ölənlər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında da anılıb.
Tiflis şəhər sakinləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Ukrayna, Rusiya, Litva və digər ölkələrdən gələn insanlar ölənlərin ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verir, onların kədər və acılarına şərik olduqlarını bildirirlər.
Dünən səhər saatlarından etibarən səfirlik binasının qarşısından keçən insanlar faciə qurbanlarını ehtiramla anaraq səkiyə gül-çiçək dəstələri və uşaq oyuncaqları qoyurlar.



Son dialoq…
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/39 ünvanındakı binada yanaraq həyatını itirən 55 yaşlı Alla Həsənova ilə bağlı maraqlı fakt üzə çıxıb.
Alla Həsənovanın xəstəxanaya yerləşdirilmiş qızı bildirib ki, anası yanğın zamanı ev heyvanlarını çıxara bilmədiyi üçün mənzildən ayrılmayıb. O, 2 yaşlı nəvəsini yaş dəsmala bükərək qızına verib və evi tərk etmələrini tələb edib. Özü isə "mən heyvanları bu vəziyyətdə qoyub gedə bilmərəm" deyərək qorxudan çarpayıların altında gizlənmiş it-pişikləri xilas etməyə çalışıb.
Qeyd edək ki, Alla Həsənovanın həyat yoldaşı 1994-cü ildə Füzuli döyüşlərində həlak olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. Alla Həsənova isə xiyabanla üzbəüz yerləşən rus qəbiristanlığında torpağa tapşırılıb.