Abid Şərifov medianı şou düzəltməkdə ittiham etdi Hadisə

Abid Şərifov medianı şou düzəltməkdə ittiham etdi

Fazil Mustafa: ""Kabadayılığın" sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar"

Vahid Əhmədov: "İnsanlara yuxarıdan aşağı baxmaq olmaz"

Niyaməddin Orduxanlı: "Alabala məmurlar kimə lazımdır, hamısı istefaya getməlidir"

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistlərə cavabı mətbuatda müzakirələrə səbəb olub. Belə ki, mayın 23-ü hadisə yerinə baş çəkən A.Şərifovdan jurnalistlərdən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Bunun pressaya nə dəxli var?!"
İctimaiyyətin ciddi qınağı ilə üzləşən Abid Şərifov dünən "Report"a açıqlamasında fikirlərinə "aydınlıq" gətirməyə çalışıb: "Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediyaya çevirirsiniz, şou düzəldirsiniz".
Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil. "Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər, bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz edin. Allah sizi sağ-salamat eləsin", - A.Şərifov əlavə edib.
BAXCP-nin siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı Abid Şərifovun dediklərinə belə münasibət bildirib: "İlk gündən demişəm ki, binanın yanması təxribat da ola bilər. Bu gün də həmin fikirdəyəm. Ancaq prezident İlham Əliyevin hadisədən dərhal sonra Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verməsi və özünün rəhbərliyi komissiyanın ilk iclasını keçirməsi ilə ortaya belə bir real mənzərəni çıxardı ki, bu hadisədə məsuliyyətsiz məmurların günahı az deyilmiş. Məsuliyyətsiz məmurlar ucuz, kefiyyətsiz binlara üzlüklər vurmaqla öz şəxsi maraqlarını, biznesini qurublar. Bu adamların məsuliyyətsiz hərəkətləri ilə günahsiz 15 vətəndaşımız, o cümlədən 4 körpə balamız həyatını itirib. Onlarla ailəyə mənəvi, maddi ziyan dəyib. Bu məmurlar işlərini düzgün şəkildə qursaydı, bu hadisə baş verməzdi. Ona görə də bunlar ən axır cəzaya layiqdilər. Bu cür məmurların hamısı istefaya getməlidir. Alabala məmurlar kimə lazımdır? Hamısı istefaya getməlidir"
Prezident İlham Əliyevin keçirdiyi iclasla bağlı fikirlərini bölüşən BAXCP sədrinin müavini bildirib ki, görünən o oldu ki, prezident heç bir məmura məsuliyyətsiz hərəkətinə görə güzəşt etmək fikirində deyil: "Şəxsən mən bir vətəndaş olaraq qürur hissi keçirdim ki, İlham Əliyev Abid Şərifova dedi ki, nə ilk Avropa Oyunları, nə də başqa oyunlar hadisənin yanında heç nədir və insana verdiyi dəyər hər şeydən üstündür. Prezidentin bu fikiri cəmiyyətdə son dərəcə hörmət və etiramla qarşılanır".
Millət vəkili Fazil Mustafa isə Bakdıakı yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistə münasibətinə sərt reaksiya bildirib.
Milət vəkili bu barədə status yazıb: "Baş nazirin müavini Abid Şərifovun açıqlamalarının bu iqtidara hansı divident gətirdiyini heç cür anlaya bilmədiyimə görə, hansı əsaslandırma ilə cəmiyyətin, xüsusilə də sıxıntı və acılar yaşamış sakinlərin qarşısına çıxarıldığının da izahını verə bilmirəm. Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır, izah edir ki, nəzarəti əlindən alıblar, sətiraltı deyir ki, hansısa qurumun da məsuliyyətinin nə olduğunu müəyyənləşdirmək çətindir. Arabir də öz üslubunda acı durumda olan vətəndaşa təsəlli və ümid verir. Abid müəllim isə fərqli bir üslub sərgiləyərək həbsxana jarqonu ilə vətəndaşların və jurnalistlərin suallarını geri çevirir. Heç şübhəsiz ki, binalarda üzləməyə başlarkən biriləri etiraz edən vətəndaşlara demiş ki, üzləməni mənim şirkətim aparacaq, hə, əcəb edəcəyəm, nə olsun. Bu "əcəb edirəmin", "kabadayılığın" sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar və həyatları alt-üst olur. Eyni ifadəni indi baş nazirin müavini ağır faciədən sonra ən azı təsəlli verməyə borclu olduğu vətəndaşa deyir: söküntünü aparan mənim şirkətimdir, nə sözünüz ola bilər? İndi izah edin görüm bu iqtidara yüksək ranqlı məmurların belə xidmətinin adına el arasında nə deyirlər?"
Baş nazirin sabiq müavini, millət vəkili Vahid Əhmədov da Abid Şərifovun davraşını tənqid edib: "Mən özüm baş nazirin müavini olmuşam. Belə davranışlara pis baxıram. İnsanlara yuxarıdan aşağı baxmaq olmaz".
O prezident İlham Əliyevin dövlət məmurları ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkərək qeyd edib ki, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuru sadə olmalı, xalqa xidmət etməlidir: "Ölkə başçısı çıxışlarında dəfələrlə bu mövzuya yer ayırıb. Yanğınla bağlı yaradılan Dövlət Komissiyasının bir neçə gün əvvəl keçirilən iclasında da bir daha vurğuldı ki, dövlət məmuru xalqın xidmətçisidir. Hansı vəzifədə işləməsindən asılı olmayaraq məmur insanlarla davranışına, çıxışına, hərəkətinə fikir verməlidir. Müəyyən problemlər ola bilər, əsəbi ola bilər, amma bu vəziyyətdə də o özünü cilovlamağı bacarmalıdır.
Mən özüm bu vəzifədə çalışmışam. İnsnaların hamısı ilə eyni səviyyədə danışıq aparmaq lazımdır. Onlara yuxarıdan aşağı baxmağı, harda olmağımdan asılı olmayaraq qəbul etməmişəm. Bu gün də belə davranışlara pis baxıram".